“Türkiyə sevgisini ondan öyrəndik” - Məmməd Aslanın dostu danışdı

23.09.2015 10:56     Sosreaksiya     3002

Xəbər verildiyi kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Məmməd Aslan ağciyər xəstəliyindən dünyasını dəyişib.

Məmməd Aslanın dostu və uzun müddət bir yerdə çalışan həmkarı, şair Qorxmaz Şıxalıoğlu öz xatirələrini reaksiya.az-la bölüşüb:

“20 il Məmməd Aslanla bir yerdə işləmişik, bir yerdə çörək kəsmişik. Dost olmuşuq, birgə səfərlərə getmişik. Azərbaycan publisistikasinda  Məmməd Aslanın öz yeri var idi. Yadıma düşür ki, onun “Ərzurumun gədiyinə varanda” kitabi bizim ədəbiyyatda hadisə oldu. Sözün düzünü desək, o vaxtlar  Azərbaycan ədəbiyyatında iki kitab var idi. Biri Sabir Rüstəmxanlının “Ömür kitabi”, biri də “Ərzurumun gədiyinə varanda”. Hər ikisi xalqın acgözlüklə oxduğu kitab oldu. 1988-ci ildə bu iki kitab əldən-ələ gəzirdi”.

“Türkiyə sevgisini ondan öyrəndik”

“Biz o vaxt Türkiyənin nə olduğunu bilmirdik. O, bizə Türkiyə sevgisini öyrədən adam oldu. Məmməd Aslan Azərbaycan dilini çox mükəmməl bilirdi. Bilmədiyimiz söz olanda ondan öyrənirdik. Məmməd müəllim uzun müddət televiziyada çalışıb. “Dərədən Təpədən”verilişi o müddətə görə  televiziyanın ən baxımlı verlişlərindən biri idi. Məmməd  Aslanın çox mürəkkəb xasiyyəti var idi. Həmişə sözü düz adamın gözünün içinə  deyərdi”.

“Apara bilmədim”

“Həmişə mənlə İsmayıllıya getməyi istəyərdi. Deyərdi ki , sən necə adamsan, nazirlər, nazir müavinləri məni səyahətə aparmaq növbəyə dururlar. Mən onlarla getmirəm, gör nə günə qalmışam və sənə yalvarıram ki, məni  İsmayıllıya apar. Ən pisi odur ki, apara bilmədim. Bilirdim ki, Türkiyədə müalicə alırdı. İndi ölümü gözlənilməz oldu. Keçən il onun haqda şeir yazmışdım. Xasiyyəti tünd idi. Bu baxımdan çap etmədim ki, xətrinə dəyər. Sonra yazdığım şeirlərlə onu tanış etdim. Dedi, hələ çap etmə, qoy qalsın, elə də qaldı. Yəqin yaxın vaxtlarda bu şeirləri çap etdirəcəm”.

Qeyd edək ki,  Məmməd Aslan 1939-cu il dekabrın 24-də Azərbaycanın Kəlbəcər rayonunun Laçın kəndində ziyalı ailəsində anadan olub.

Kəlbəcərdə orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində təhsil alıb (1957-1962).

Əmək fəaliyyətinə Kəlbəcər rayonundakı Yanşaq, İstisu kənd məktəblərində müəllim kimi başlayıb. O, Kəlbəcər qəsəbəsində bir müddət müəllimlik etdikdən sonra rayonda nəşr olunan çoxtirajlı "Yenilik" qəzeti redaksiyasında məsul katib işləyib. 1970-ci ilin axırlarında Bakıya köçüb, burada "Ulduz", "Azərbaycan təbiəti" jurnallarında, "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyalarında çalışıb, "Yazıçı" nəşriyyatında böyük redaktor olub. Azərbaycan Dövlət Teleşirkətinin (AzTV) "Ekran-Efir" qəzetinin baş redaktoru olub.

Bədii yaradıcılığa 1960-cı ildə "Azərbaycan müəllimi" qəzetində çıxan ilk şeirilə başlayıb. Dövri mətbuatda müntəzəm çıxış edib. Keçmiş SSRİ xalqları ədəbiyyatından tərcümələrə xüsusi qayğı ilə yanaşıb. Zülfiyyənin "Torpağa səcdə", qazax şairi Qədir Murzalıyevin "Bu bağda bülbüllər ötər" (1980) şeirlər məcmuələrini şərikli tərcümə edib.

Bir sıra beynəlxalq və respublika mükafatları laureatıdır. "Şöhrət" ordeni ilə təltif edilib (2000).

Allah rəhmət eləsin! 

Şərhlər