“Qızı intihar həddinə çatdırıblarsa…” - Hüquq müdafiəçisi danışdı

13.06.2015 23:21     Sosreaksiya     2075

 

Mətanət Əzizova: “Qadınlara qarşı zorakılıq hallarına ictimai qınağı gücləndirməliyik”

 

Tovuz rayonunun Bozalqanlı kəndində baş verən intihar hadisəsi cəmiyyətdə birmənalı qarşılanmadı. 1997-ci il təvəllüdlü Aytən Nəzərovanın toyun səhəri gün bakirə olmamaqda ittiham edilməsi onun evdən qaçaraq intihar etməsinə səbəb olub. Aytənin cəsədi üzərində müayinə aparan həkimlər isə əksini deyib, qız intihar anında da bakirə olub. Faktla bağlı prokurorluq araşdırma başlayıb.

Hüquq müdafiəçisi, Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova bildirib ki, bu hadisə Azərbaycanda ilk deyil: “Və bu cür olayların müxtəlif nəticələri olur, qadının doyulmesi, işgəncəyə meruz qalması, intihara cəhd və s. Ən dəhşətlisi isə cəmiyyətdə bu cür zorakılıqlara cəmiyyət tərəfindən ictimai qınağın olmamasıdır.

Onun sözlərinə görə, Qadın Krizis Mərkəzinə buna oxşar hadisələrlə müraciətlər adətən 3 problemə bölünürdü: “1. Cinsi tərbiyə və maariflənmənin olmaması. Bəzən ailə qurmağa hazırlaşan kişi cinsi məlumatları dostlarından və ya internetdən alır, qadın fiziologiyasından, bəzən bakirəlik pərdəsinin elastik olmasından, hətta bəzən bakirəlik pərdəsinin anadangəlmə olmamasından və digər mühüm məqamlardan xəbəri olmur. 2. Kişilər arasında impotenasiya artır və bunu çoxu gizlədir, hətta kimsənin bilməməsi üçün ölümə də əl atırlar. Cütlüklər arasında ər-arvad münasibətləri psixoloji cəhətdən də mümkün olmur. Böyüklər isə onları molla yanına və pirlərə aparırlar. Halbuki, psixoloq bu problemi qısa müddətə aradan qaldıra bilər. 3.Bakirəlik olmayanda qadınlar müxtəlif vasitələrə, cərrahiyyə yoluna əl atırlar. Çünki adətlər belə hallarda zorakılığa haqq qazandırır ”.

M.Əzizova ona tanış olan bir hadisəni xatırladıb: “Yadımdadır Salyan rayonunda bəy gəlini günahlandırdı ki, bakirə deyil. Gəlini qayınanası döydü, saçını qırxıb keçəl etdilər, 3 gün qızı ac saxladılar. Qız 3 gün döyüldükdən sonra atası evinə göndərildi. O xanım da bir neçə dəfə intihara cəhd etmişdi. Həkimə getdilər, sənəd aldılar ki, qız bakirədir. Polis, məhkəmə.. Axırda qız ailəsi kənddən köçdü. Çünki qınaq obyekti məhz qızın ailəsi olmuşdu”.

Hüquq müdafiəçisi əlavə edib ki, adətləri dəyişdirmək QHT-nin işi deyil: “Xalqlar özləri adəti tarixə uzlaşdırır. Lakin biz maarifləndirmə aparmalı, zorakılığa qarşı ictimai qınağı artırmalıyıq. Bu hadisənin təkrarlanmasına yol verməməliyik. Zorakılığın aradan qalxması üçün maariflənmə vacib amildir. Qızın intihar həddinə çatdırılması faktı varsa, buna hüquqşünas yanaşması, hüquqi qiymətləndirmə də lazımdır”.

Şərhlər

Çox oxunanlar