Pakistanlı səfir Ermənistanla sərhəddə oldu

28.09.2015 14:44     Sosreaksiya     1949

“Dost ölkələrimiz arasında əməkdaşlıq daha da artacaq”.

Bu sözləri Pakistan respublikasının ölkəmizdəki səfiri X.Osman Qeyser Tovuz rayonunda səfərdə olarkən bildirib.

Reaksiya.az xəbər verir ki, Tovuz rayonuna səfəri çərçivəsində pakistanlı səfir rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və Milli Məclisin deputatı  Qənirə Paşayeva ilə görüşüb. Görüş zamanı qonaqlara Tovuz rayonunun tarixi, əhalisi, mədəniyyəti,  təbiəti,  coğrafi mövqeyi, iqtisadiyyatı, sakinlərin məşğulluğu, turizm potensialı və Ermənistanla sərhəd, ön cəbhə  kəndlərində vəziyyət barədə  barədə ətraflı məlumat verilib.

Səfir  X.Osman Qeyser yüksək qonaqpərvərliyə görə minnətdarlıq edib, Pakistan-Azərbaycan əlaqələrinin yüksək səviyyədə olduğunu, bütün bu münasibətlərin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu və hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirib. Ölkəsinin prezidentinin bir neçə ay əvvəl Azərbaycana yüksək səviyyəli səfərinə toxunan səfir Azərbaycan prezidenti İlham Əliyevin də yaxın aylarda ölkəsinə səfər edəcəyini və bu səfərlərin iki dost ölkə arasında münasibətləri daha da inkişaf etdirdiyini deyib. Səfir X.Osman Qeyser ölkəsinin müxtəlif bölgələrinin Azərbaycan bölgələri ilə əməkdaşlığının inkişafına da xüsusi önəm verdiklərini bildirib.

Görüşdə bölgələrarası əməkdaşlığın genişlənməsinin iki dost ölkə arasında davam edən dostluq əlaqələrinin möhkəmləndirilməsinə bundan sonra da öz töhfəsini verəcəyinə əminlik ifadə edilib. Görüşün sonunda qonağa Azərbaycanın qədim musiqi aləti olan saz hədiyyə edilib.

Sonra səfir millət vəkili Qənirə Paşayevanın müşayiəti ilə rayonda bir sıra kənd təşərrüfatı müəssisələrinə baş çəkib, üzümçülüklə məşğul olan sahibkarlar, sakinlərlə görüşüb, geniş fikir mübadiləsi aparılıb.

Pakistan səfiri jurnalistlərə açıqlamasında Azərbaycanın bütün istiqamətlərdə inkişafından məmnun olduğunu deyərək Tovuzla ölkəsinin bölgələri arasında əməkdaşlığın inkişafı məsələlərinə diqqət göstərəcəklərini vurğulayıb.  Yaxın zamanlarda Azərbaycanla Pakistan arasında təyyarə reysinin açılacağını deyən Pakistan səfiri “Ölkələrimiz arasında siyasi, iqtisadi, hərbi münasibətlərlə yanaşı turizm, enerji sahəsinin və digər sahələrin də inkişafı artacaq. Çünki ölkələrimizin rəhbərliyi münasibətlərimizin daha da inkişafına böyük önəm verirlər”- deyib.

Şərhlər