Bakının bəlası - TIXAC

28.09.2015 16:12     Sosreaksiya     2051

Hər səhər işə, dərsə gələrkən və axşam evə qayıdarkən mübtəla olduğumuz bir bəla var, TIXAC. Bu tıxac ki, var, çox qəliz məsələdir, qəliz olduğu qədər də həlli vacibdir.

Təkcə insanların deyil, ümumiyyətlə Bakı küçələrinin bəlasına çevrilmiş tıxacların əlindən yay-qış dad edirik. Düzdür, aidiyyati qurumlar müxtəlif üsullarla dadımıza yetməyə çalışırlar, yeni körpülər salırlar, yolları genişləndirirlər, sürət qatarı istifadəyə verirlər. Ancaq nə faydası... Hər nə etsələr belə tıxac dərdimizin çarəsi tapılmır ki, tapılmır. Əksinə, bu dərd gündən-günə böyüyür, epidemiya halına düşür.  

Dünya ölkələrində mövcud olan tıxaclar barədə məlumat oxuyanda, TV proqramlarına baxanda, xarici ölkələrdə səfərlərdə olmuş dostlarla, tanışlarla danışanda maraqlandığımız ilk məsələlərdən biri məhz tıxaclarla bağlı olur. Öyrənməyə çalışırıq ki, görəsən həmin ölkələrdə avtomobil sıxlığını necə tənzimləyirlər. Öyrənəndə görürük ki, müxtəlif ölkələrdə tıxaclardan qurtulmaq üçün maraqlı tədbirlər həyata keçirilir. Məsələn, ayda bir dəfə avtomobilsiz gün olur və həmin gün hər kəs ictimai nəqliyyatdan istifadə edir. Başqa bir ölkədə isə tək rəqəmli və cütrəqəmli avtomobillər küçələrdə iki gündən bir şütüyürlər. Misal üçün, həftənin tək günləri təkrəqəmli, cüt günləri isə cütrəqəmli nömrəli avtomobillər. Və ya əksinə.

Nəzərə alaq ki, hər dəfə tıxaca düşəndə deyinməklə yanaşı bu problemin aradan qaldırılması yollarını götür-qoy edirik. Yollardakı sıxlığın həll edilməsi üçün nə qədər laübüd görünüb, görünməməsindən asılı olmayaraq planlar cızırıq.

Reaksiya.az hər gün saatlarla tıxaclarda qalan şəhər sakinləri arasında sosial şəbəkədə sorğu keçirdib. Bakı küçələrinin tıxac bəlasının çarəsini, mənzil başına daha tez çata bilməyin yollarını araşdırıb.

Sorğuda iştirak edənlərin əksəriyyəti tıxaclara əsasən yol kənarlarında saxlanılan avtomobillərin səbəb olduğunu bildiriblər və müxtəlif çarə yolları göstəriblər.

Vüsal Qarayev tıxaclara səbəb olaraq yol kənarlarında park edilmiş avtomobilləri göstərib: “Yol kənarlarında qanunla qadağan olunan yerlərdə avtomobillərin saxlanılmasının qarşısı alınsa, bu problem həll olunar. Bunun üçün isə avtodayanacaqların sayı artırılmalı, qiymətlər xeyli ucuzlaşdırılmalıdır. Və avtomobillərin hərəkətinə mane olan yolkənarı qanunsuz tikililər ləğv edilməlidir”.

Azərbaycanda yaşayan Türkiyə vətəndaşı Neşə Güləç Polat isə bəzi küçələrə şəxsi avtomobillərin girişinin ödənişli olmasını təklif edib:  “Birincisi, yol kənarına park etməyə əsla icazə verilməməlidir. Çünki biri azmış kimi ikinci sıraya da park edirlər. İkincisi isə, yol hərəkətinin sıx olduğu yollara şəxsi avtomobillərlə girişin ödənişli olmalıdır”.

Rafiq Qardaşov isə bildirir ki, Azərbaycan üçün dünya ölkələrindəki istifadə metodları yaramayacaq: “Tək və cüt rəqəmdən ibarət nömrəli avtomobillərin növbəli hərəkət sxeminin də bizim ölkədə xeyri olmayacaq. Çoxları bir gün cüt rəqəmli, o biri gün də tək rəqəmli maşınlarını sürəcəklər. Çünki həyətində iki, beş maşını olanlar çoxdur”. 

Şərhlər