Sabah Bakı metrosu 1 saat çox işləyəcək
30.09.2015 13:22 Sosreaksiya 1711
“Bakı Metropoliteni” QSC "Qarabağ" futbol klubunun Belçika "Anderlext"i ilə Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək oyunundan sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini müsbət cavablandırıb.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, bununla əlaqədar Bakı Metropoliteninin iş qrafikinə dəyişiklik edilib və metornun giriş qapıları oktyabrın 1-dən 2-nə keçən gecə adəti üzrə saat 24:00-dək deyil, bir saat artıq, saat 01:00-dək açıq olacaq: “Təhlükəsizlik tədbirləri ilə əlaqədar metronun "Gənclik" stansiyasında girişi nizamlanacaq. Sərnişinlərdən sıxlığın yaranmaması üçün yaxın stansiyalar - "28 May" və "Nəriman Nərimanov"dan istifadəyə üstünlük vermələri xahiş olunur. Metropolitenin bütün stansiyaları saat 01:00-dək açıq olacaq”.
Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsi çərçivəsinin II turu çərçivəsində Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı oktyabrın 1-də saat 22:00-da başlanacaq.
Şərhlər