Metrodakı xəzinədar xanımların aqibəti necə olacaq?
30.09.2015 15:12 Sosreaksiya 1853
Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq oktyabrın 1-dən etibarən Bakı Metropoliteninin bütün stansiyalarında pul xırdalama fəaliyyəti göstərən xəzinələrin funksiyası başa çatacaq. Orada işləyən xanımlara isə digər işlərə keçmək təklif olunur.
Reaksiya.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.
N.Paşayev bildirib ki, oktyabrın 1-dən etibarən Bakı Metropolitenində gediş haqqının ödənişi yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq: “Yeni sistemin tətbiqi ilə əlaqədar olaraq Bakı Metropoliteninin bütün stansiyalarında artıq köhnə kartlarla keçid mümkün olmayacaq. Bütün köhnə turniketlər yeniləri ilə əvəzlənəcək və giriş yalnız “Bakıkart”lardan istifadə etməklə mümkün olacaq. Bundan əlavə, pul xırdalama fəaliyyəti göstərən xəzinələr, yəni kassalar bağlanacaq”.
Bakı Metropoliteni rəsmisi bağlanan kassalarda işləyən xanımların aqibətinin necə olacağına da aydınlıq gətirib: “Həmin kassalarda çalışan xanımların heç biri işdən çıxarılmır. Onların hamısına Metropolitenin nəzdində digər işlər təklif olunur. Hətta artıq onlardan bəziləri artıq yeni sahələrdə işləməyə başlayıblar. Kassirlərə yeni işlər təklif edilərkən onların təhsili, iş stajı, davranışları və s. məsələlər nəzərə alınır. Onlar bizim kadr siyasətimizə əsasən, həmin meyarlara cavab verən başqa işlərlə təmin olunurlar. Yeni iş təkliflərini qəbul edən köhnə kassirlər bundan sonra nəzarətçi, qatarları qəbul edib yola salan, xadimə və s. kimi fəaliyyətlərini davam etdirə biləcəklər”.
Onun sözlərinə görə, hələlik xəzinədar xanımlardan onlara edilən təkliflə razılaşmayıb işləmək istəmədiyini deyən olmayıb: “Amma ola bilər ki, pensiya yaşına çatmış şəxslər təqaüdə göndərilsin. Metropoliten rəhbərliyi maksimum dərəcədə onların işlə təmin olunmasına çalışacağıq”.
Xatırladaq ki, “Bakıkart”ların satışı və gediş haqqının yüklənməsi Bakı Metropoliteninin bütün stansiyalarında, “Baku Bus” MMC-nin dayanacaqlarında, həmçinin şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən mətbuat yayımı köşklərində quraşdırılmış terminallar vasitəsi ilə həyata keçirilir. Bakı Metropoliteni hazırda sərnişindaşımada mövcud olan sıxlığı nəzərə alaraq, sərnişinlərdən xahiş edir ki, metropolitendən istifadə edərkən özləri ilə karta yükləyəcəyi məbləğdə xırda pul götürsünlər ki, əlavə narahatlıq yaşamasınlar.
Şərhlər