Xoşqədəm telefonlara cavab vermir - Onun axtarışı davam edir
01.10.2015 16:41 Sosreaksiya 3099
Xəbər verildiyi kimi, Milli Televiziya və Radio Şurası ANS telekanalında yayımlanan “Sən Tək deyilsən!” və “Xoşqədəmlə axtarıram səni” verilişlərinin bir ay müddətinə dayandırılması ilə bağlı qərar qəbul edib.
Qərarın ardınca ANS Şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin mətbuata müsahibəsində deyib ki, MTRŞ bu qərarın əslində ANS-lə əlaqəli deyil, məhz Xoşqədəm Hidayətqızına görə verib: "Mən Nuşirəvan Məhərrəmlinin Xoşqədəm xanıma münasibətini bilirdim. Amma məsələnin bu dərəcədə ciddi olduğunu təsəvvür etmirdim. Çünki buna qədər bir necə dəfə cənab Məhərrəmlidən Xoşqədəm Hidayətqızı kimi adamların efirdən ayağını kəsmək kimi tövsiyələr eşitmişdim. Deməli, N.Məhərrəmlinin Xoşqədəm problemi var”.
Tanınmış telejurnalist onu da bildirib ki, telekanal onsuz da həmin verilişlərin yayımını dayandıracaqdı.
Xatırladaq ki, bu Xoşqədəm Hidayətqızı ətrafında yaranmış ilk belə hadisə deyil. Və hər kəsə məlumdur ki, onun ATV telekanalında uzun müddət yayımlanan “Səni axtarıram” proqramı da gözlənilmədən dayandırılmışdı.
Reaksiya.az yaranmış məsələdə əsas tərəf olan Xoşqədəm Hidayətqızının məsələyə aydınlıq gətirməsinə çalışıb. Təəssüflər olsun ki, Xoşqədəm xanım telefon zənglərinə cavab verməyib. Ancaq onun axtarışı davam edəcək.
“Xoşqədəmlə axtarıram səni” verilişinin eksperti qismində iştirak edən jurnalist Seymur Verdizadə Reaksiya.az-a açıqlamasında Xoşqədəm Hidayətqızını müdafiə edib. Söyləyib ki, o, Xoşqədəm xanımın yeni layihələrlə geri qayıdacağına ümid edir.
Jurnalist Xoşqədəmin ANS-dən də göndəriləcəyi ətrafında yaranmış fikirlərə münasibət bildirib: “Qərarı ANS-in rəhbərliyi verir. Xoşqədəm Hidayətqızı tanınmış teleaparıcıdır. Onun layihələri həmişə uğur qazanır. Yəqin ki, heç bir telekanal belə populyar aparıcıdan imtina etməz. Ağlım kəsəndən görürəm ki, dünyanın heç bir yerində bar verən ağacı kəsmirlər”.
Reaksiya.az, həmçinin MTRŞ-nın qərarı ilə bağlı sosial şəbəkədə də sorğu keçirib. Sorğuda iştirak edən şəxslər MTRŞ-nın bu qərarını birmənalı şəkildə dəstəkləyiblər.
Sorğuda iştirak edənlərdən Aybəniz Rəfiyeva bu verilişlərin bir aylıq yox, həmişəlik bağlanmasını təklif edib: “Ümumiyyətlə bu tip verilişlərin hamısı bağlanmalıdır, 1 aylıq fasilə yetməz. Mətanətin verilişi də millətimiz üçün üz qarasıdır”.
Gülcahan Əlimərdanova isə MTRŞ-nin qərarını dəstəkləyib: “Qərar ilə razıyam! Belə verilişlərin hamısı bağlansın! Nəinki verilişin formatı, hətta aparıcıları insanın əsəbləriylə oynayırlar”.
Füzuli Həmzə isə nəinki verilişlərin, bəzi kanalların belə bağlanmasını təklif edib: “Kanallar bu yolla pul qazanırlar, onlar narazıdırlarsa, demək xalq razıdır. Çoxdan bağlanmalı idi. Məsləhət edirəm ki, SPACE kanalı da təmamilə bağlansın və ya tamam başqa tərkiblə və proqramla işləsin”.
Şərhlər