Bakıda yeni TV kanalı test yayımına başladı

02.10.2015 04:44     Sosreaksiya     1629

Azərbaycan teleməkanında yeni "CBC Sport" kanalının HD formatında test yayımına başlanılır.

Reaksiya.az-ın məlumatına görə, yayıma oktyabrın 1-də saat 20:00-da start verilib. Televiziya izləyiciləri televizorlarında axtarış verməklə kanalı tapa bilərlər.

"CBC Sport" kanalında İtaliya və Braziliya A seriyası, Hollandiya Erediviziyası, Rusiya və Ukrayna Premyer Liqası, Türkiyə Kuboku və Super Kubokunun futbol çempionatlarından oyunları nümayiş etdiriləcək.

Eyni zamanda, İngiltərə, Almaniya və İspaniya çempionatlarının oyunlarından seçilmiş maraqlı görüntülər efirə veriləcək. "CBC Sport" ATP və WTA seriyalı bütün tennis turnirlərini, o cümlədən "Böyük dəbilqə" yarışlarını, Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatlarını, voleybol üzrə Türkiyə Super Liqasını nümayiş etdirmək niyyətindədir.

Yaxın zamanda kanalın Bakı və Abşeron yarımadasının HD formatında yayımı təşkil ediləcək.

Şərhlər