TQDK-da SAT imtahanı keçiriləcək

02.10.2015 08:03     Sosreaksiya     1609

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) oktyabrın 3-ü saat 08.30-da qurumun Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m ünvanında yerləşən inzibati binasında SAT imtahanı keçirəcək. TQDK-dan verilən xəbərə görə, imtahanın müddəti 3 saat 45 dəqiqədir.

İmtahanda iştirak edəcək şəxslər saat 07.45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar və imtahana gecikən şəxslər imtahan zalına buraxılmayacaqlar.

İmtahanın nəticələri oktyabrın 22-də imtahanda iştirak edənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanmış olacaq.

Qeyd edək ki, SAT I (Scholastic Aptitude/Assessment Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi, SAT II (SAT Subject) isə müxtəlif məktəb fənləri üzrə bilik və bacarıqları yoxlayan standartlaşdırılmış, yararlılıq müddəti 5 il olan test imtahanlarıdır və hər il imtahanda iki milyondan artıq şəxs iştirak edir. TQDK bu prosesdə yalnız imtahan mərkəzi kimi iştirak edir, sualların məzmunu və ya cavabların emal edilməsi ilə bağlı olan məsələlər TQDK səlahiyyətinə daxil deyil. 

Şərhlər