"Dilənçiləri Bakıda saxlayan "böyük əl" var" - SORĞU

02.10.2015 15:28     Sosreaksiya     1934

Son zamanlar Bakı küçələrində dilənçilərin sayında kəskin artım müşahidə olunur. Demək olar ki, hər addımbaşı bir dilənçi ilə qarşılaşırıq. Əvvəllər ölkəmizdə dilənçi deyəndə ağıllara ilk olaraq qaraçılar gəlirdi. İllər keçdikcə dilənçilik digər millətlərə də siraət etdi. Son illər isə ölkədə dilənçi sayı artmaqla yanaşı onların tərkibi, yaş məhdudiyyəti  də genişləndi. İndi dilənçilər sırasında istənilən yaşda, istənilən sosial təbəqəyə mənsub olan insanlar var. 

Dilənçi deyəndə ağlımıza gələn ilk səbəb, əlbəttə ki, maddi ehtiyacdır. Ancaq bir məqam var ki, Bakı küçələrini az qala ağuşuna alan dilənçilərin heç də hamısı maddi ehtiyacın ən son həddində olduğu üçün bu yolu seçməyib. Əvvəldən belə görmüşük ki, həqiqətən də maddi sıxıntı içində yaşayan kəs kimdənsə nəsə istəməyi özünə ar bilib. Düzdür, maddi ehtiyac səbəbindən mənən qırılmağı gözə alaraq dilənçilik edənlər də olub. Amma üzü “padoş” dilənçilərdən dərhal seçiliblər onlar, utana-utana, qızara-qızara əl açıblar yoldan ötənlərə. Və bu rəzilliyə bir neçə dəfədən artıq duruş gətirməyiblər, az məvaciblə xadiməlik isi olsa belə tapıb dolanışıqlarını halal işlə çıxarmaq yolunu seçiblər.

Təəssüflər olsun ki, onların sırasında dilənçiliyi asan bilib ömürlük peşə seçənlər də olur.  Demək olar ki, dilənçilik virusuna yoluxanların heç də hamısı bu xəstəlikdən asanlıqla yaxa qurtara bilmir. Çox vaxt elə hallar olur ki, balasına bir zənbil bazarlıq etmək məqsədilə bu yola çıxanları yığdığı pullar şirnikdirir və həyatlarını lüks səviyyəyə yüksəltmək üçün bu yola davam edirlər. Son model telefon, ən lüks avtomobil, qiymətli zinət əşyaları, dəbli pal-paltar almaq üçün nəinki dilənçilik etməyə, hətta təhqir dolu ən ağır ifadələri eşitməyə belə razı olurlar.

İş o həddə çatıb ki, dilənçilər hətta ən ağlagəlməz üsullara belə əl atırlar. Səliqəli paltarlarını geyinib maşınlarını yolun kənarında saxlayaraq guya ki, yanacaqlarının qurtardığını, maşında qurbanlıq ət və ailə-uşaq olduğunu bildirərək dilənirlər. Və dilənmək də o yana keçib, daha çox pul qoparmaq üçün "dirəşirlər" belə.

Reaksiya.az saytı yaz yağışından sonra bitən göbələklər kimi günbəgün artan dilənçilər barəsində sosial şəbəkədə sorğu keçirib. Sorğuda iştirak edənlər dilənçilərin əlindən dad çəkiblər. Bir çoxları dilənçiliyin “biznes”in bir növünə çevrildiyini, kimlərinsə bundan yaxşı gəlir götürdüyünü bildiriblər. Maraqlı məqəmlardan biri o olub ki, sorğuda jurnalistlər daha aktiv olublar və dilənçilik bəlası barəsində faktlarla, dolğun və dəqiq fikirlər yürüdüblər, həmçinin problemin həlli yollarını da açıqlayıblar.

Şəmsiyyə Kərimova: “Addımbaşı qarşına çıxırlar, min söz oxuyurlar, bizim ürəyi yumşaqlığımızdan sui istifadə edirlər. Bir haşiyə çıxmaq istəyirəm. Bir neçə il öncə Gədəbəy rayonunda ezamiyyətdə olarkən rayon icra hakimiyyətinin başçısı dedi ki, bəlkə də yeganə rayondur ki, bu gün Gədəbəydə bir nəfər də olsun dilənçi yoxdur... buna sevindim... Amma Bakıda hər tində körpə uşaqlardan tutmuş yaşlı insanlaradək dilənirlər... Düzdür, onların çoxu qaraçılardır, hansı ki, bu yolla dolanırlar. Amma bu gün yol kənarlarında, metro girişlərində yaşlı, əlil adamlar da dilənir. “Bir çörək pulu istəyirəm” deyə insanların ürəyini “yumşaldır”... Məncə, bu cür hallar bu gün Azərbaycanımızın imicinə yaraşmır. Müəyyən tədbirlər görmək lazımdır. Hə, bir söz də deyim, əlil insanı yenə də hardasa başa düşmək olar, ancaq hər əzası yerində olan birinin əl açıb dilənməsini heç cür qəbul etmirəm”.

Jurnalist Zərifə Bəşirqızı: “Məncə həqiqətən də ehtiyacı olan adam dilənməyə utanar. Dilənməyi peşə edib, evdə pul saxlayanlar isə utanmadan, həvəslə bu işi görürlər. Metronun "Memar Əcəmi" stansiyasının avtobus dayanacağında bir cavan oğlan əlini büküb, ayağını sürüyə-sürüyə hər gün 79 nömrəli avtobusla bir dayanacaq gəlir, 3-cü mikrorayon dairəsində düşür. Ona tənə edənlər də olur, ağır söz deyənlər də. Heç vecinə də gəlmir. Qızların, qadınların yanını kəsdirib, dərmana pul dilənir. Çox vaxt verirlər. Avtobusdan düşən kimi qaçıb özünü o birinə çatdırır. Amma qaçanda axsamır. Çörək pulu dilənən qadına bir dəfə bulka verdim, götürmədi, tərs-tərs baxdı mənə, bir dəfə də əl çəkmirdi, dedim, xırdam yoxdu, dedi ki, ver, xırdalayaram. 50 manatlığı xırdalamaq istəyirdi. Yanımdakı qız qolumdan dartdı, arvada "mən verdim dəəə, əl çək" deyəndən sonra aralandı. Tam şikəst, yəni işləmək qabiliyyəti olmayan adam görəndə "balalarıma sadağa" deyib verirəm. Evimiz Əlillərin Reabilitasiya Mərkəzinin yanındadı. İstədiyin qədər əlil var. Amma heç kimə əl açmırlar. Qaraçılardan başqa, işləmək qabiliyyəti olub dilənçilək edənlərə hirslənirəm. Yəni qaraçıların sənəti, peşəsi odur”.

Qalib Rəhimli: “Bu dilənmələr kasıblığın əlaməti deyil. O dilənçilərin hamısının razılaşdığı və icarə pulu verdiyi adamlar var. Məncə bu, ən asan biznesdir və vergisiz gəlirdir. Kasıbın mənəviyyatı tarixən zəngin olub və o, heç zaman dilənməz”.

Nəriman Qəhrəmanlı: “Özümüzünkülərdən və ya qaraçılardan, nə adnan olursa-olsun, bu dilənənlər ordusu ölkədən ən sərt tədbirlərlə təmizlənməlidir. QHT-lər və polis bu işə çox ciddi, olduqca sərt yanaşmalıdırlar. Belə davam edərsə, ölkəmiz nə qədər varlı, firravan olursa-olsun, dilənçilərin sayı daha da sürətlə artacaq. Dilənçilik, dilənə bilmək ruhu və bazarı Azərbaycandan zor gücünə də olsa yığışdırılmalı, bir də heç vaxt ölkəyə yaxın buraxılmamalıdır. Bu hal dövlətin ən sərt qanunları ilə tam QADAĞAN olunmalıdır... Birdəfəlik olaraq millətimiz dilənçiliyə, ələbaxımlığa tam hamılıqla YOX deməlidi!!!”

Mahir Məmmədli: “Bu, əhalinin yoxsulluğunun göstəricisi deyil, kimlərinsə biznesidir. Dilənçiliklə məşğul olanların əksəriyyəti qaraçılardır. Onları Bakıya gətirən, dilənmələri üçün ərazilər müyyənləşdirən "böyük əl" var. Yasamal rayonu ərazisində qaraçıların qalması üçün evlər kirayələnib. Onların yollarda dilənməsinə, avtomobil yollarında təhlükə yaratmasına əngəl olan yoxdur. Çünki, o "böyük əl" belə istəyir”.

Şərhlər