Səkkiz il sələfilərlə yaşadı - Alman qadının tükürpətici hekayəti

03.10.2015 13:20     Sosreaksiya     2195

Sosial media vasitəsi ilə səkkiz il əvvəl Sələfilərlə tanış olan və hətta cihada qoşulmağı belə düşünən alman Steffi hazırda 25 yaşındadır. Gənc qadın iki il əvvəl Sələfi hərəkatındən ayrılıb.

Səkkiz il sələfilərdən biri olan alman Steffi "Sənə manipulyasiya etmək üsulları və cihad əsnasında ölsən cənnətə gedəcəyinlə bağlı verdikləri sözlər olduqca təsirlidir" - deyir. İnternetdə yayımlanan təbliğat videolarının ona  çox təsir etdiyini bildirən gənc qadın, hətta bir müddət cihada qoşulmağı və Almaniyadan köçməyi qərara alıb. Steffi bildirir ki, onu radikal İslamcılara aparan yol gənclərin əksəriyyətində olduğu kimi sosial mediadan keçib.

Qorxduğu üçün yox, amma şəxsi həyatını qorumaq istədiyi üçün əsl adının açıqlanmasını istəməyən Steffi 15 yaşında olanda İslam dini ilə tanış olub. Daha əvvəl İslam dini, ümumiyyətlə din ilə heç bir əlaqəsiyox ikən, özünün dediyinə görə sonradan İslamla maraqlanmağa başlayıb. Sinif yoldaşlarından birinin atası yaşadıqları bölgədə məscidin imamı imiş və o imamın dəvəti ilə Steffi məscidə gedərək daha çox məlumat alıb və nəhayət müsəlmanlığı qəbul edərək Quran oxumağa və hicab bağlamağa başlayıb. Keçən müddət ərzində yeni qəbul etdiyi din haqqında daha çox məlumat toplamaq üçün internetdə araşdırma apararkən “Facebook”da "Millətu İbrahim" yəni "İbrahimin camaatı" adlı qrupu kəşf edib.

Radikallaşmağa aparan yol

Bu səhifədə paylaşılan mesajları, videoları təsdiq və bəyənməyə başladığını deyən Steffi, bu səhifədəki fikirləri zamanla mənimsədiyini bildirir. "Millətü İbrahim" dən çox təsirlənən Steffi zamanla qrupun əsl üzvü olmaq istədiyini hiss edir. Və bir müddət keçəndən sonra “Facebook”dan müsəlman olmayanlara qarşı təhrikedici mesajlar göndərir, hətta onların öldürülməsini tələb edir. Qısa bir müddət ərzində müstəqil qərar almaq imkanından məhrum olduğunu qeyd edən gənc qadın, üfqünün bu müddətdə xeyli daraldığını və təkcə dini baxışlarla düşünə bildiyini ifadə edir. O zamanlar evli olduğu həyat yoldaşının dinini çox liberal yaşadığını və demək olar ki, heç vaxt namaz qılmadığını yazan Steffi, buna görə qrupun ondan həyat yoldaşından ayrılaraq Əfqanıstanda döyüşən bir mücahid ilə evlənməsini istədiyini bildirir. Ancaq iş o səviyyəyə gəlib çatmır.

Bütün bu proseslər ərzində əvvəlki dostlarını itirən, ailəsindən uzaq düşən Steffi iki il əvvəl hərəkatdan ayrılıb. Gənc qadın buna səbəb kimi də hazırda fəaliyyəti qadağan olunan "Millətü İbrahim" qrupunun təşkil etdiyi bir neçə seminarı göstərir. Böyük maraqla getdiyi seminarda ölümdən və cənnətə getməkdən başqa heç nəyin danışılmadığını deyən Steffi bildirir ki, bu seminarlarda iştirak edən bütün qadınların üzləri niqabla bağlı olub. Hətta ona üzü açıq olduğuna görə irad da tutulub. Bundan sonra onun agent olduğu barədə söz-söhbətlər yayılıb və “Facebook” səhifələrində müzakirə obyektinə çevrilib. Bu nöqtədən sonra bütün baş verənlərin onun axtardığı və özü üçün istədiyi İslama uyğun olmadığını görən Steffi altı aylıq bir prosesdən sonra hərəkatı tamamilə tərk edib.

Steffi bu gün çox daha açıq və liberal bir məscidin dindarları sıralarındadır. Ali təhsil almaq üçün səfərbər olan gənc qadın gələcəkdə orta məktəblərdə öz təcrübələrini bölüşmək və bu məqsədlə konfranslar etmək niyyətindədir. Steffi radikal islamçı qruplarda hakim olan xəttin ancaq və ancaq zorakılıq etdiyini bildirir və bu hərəkatlara qoşulan əksər insanların öz başına bu qruplardan çıxa bilmədiyini vurğulayır.

 

Şərhlər