Bakının baş liftçisi sorğuya niyə cavab vermədi? - Lift qalmaqalı davam edir

05.10.2015 18:00     Sosreaksiya     2581

Xəbər verildiyi kimi, sentyabr ayının 29-da Reaksiya.az saytı Binəqədi qəsəbəsi, Əcəmi Naxçıvani küçəsi 46-da bir bloklu 12 mərtəbəli binanın sakinlərinin şikayəti əsasında binada liftin işləməməsindən bəhs edən geniş reportaj hazırlayıb (YAZINI BURADAN OXUYA BİLƏRSİNİZ).

İstər həmin reportajın hazırlanması zamanı, istərsə də onun dərcindən sonra liftlərin təmirilə məşğul olan Bakı Lift Təmir İstehsalat Birliyinin müdiriyyətilə əlaqə saxlamağımız mümkün olmayıb.

Nəhayət, bu “axtarışı” rəsmiləşdirmək üçün ötən həftənin sonunda saytın adından Birliyin sədri Qüdrət Şükürova məktub ünvanladıq və tələb etdik ki, müəssisə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü ildə paytaxtda binaların liftlərinin möhkəmləndirilməsi ilə bağlı ayırdığı 7 milyon vəsaitin necə xərcləndiyi haqda bizə məlumat versin.

Bu gün isə Birlikdən zəng edərək sədr Qüdrət Şükürovun və baş mühəndisin məzuniyyətdə olduğunu açıqladılar.

Özünü Əli Hənifəyev kimi təqdim edən mühəndis bizimlə söhbətində bir sıra mətləblərə toxunub: “Ayrılan həmin vəsaitlə 1536 ədəd lift yenisilə əvəz olunub, mindən çox lift əsaslı təmir edilib. Hal-hazırda isə istismar müddətini başa vurmuş liftlərin texniki vəziyyəti Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları vasitəsilə vaxtaşırı olaraq yoxlanılır. Əgər həmin liftlərin işlək vəziyyəti qənaətbəxşdirsə, onların istismarına icazə verilir, yox əgər lift hər hansı təhlükə potensialı ilə üzləşirsə, o, söndürülür və dəyişən liftlərin siyahısına əlavə edilir”.

Mühəndis yuxarıda adı çəkilən ünvandakı liftin təmiri üçün tələb olunan 151 manat söhbətinə də aydınlıq gətirib: “Orda məsələni tam aydınlaşdırdım. Həmin liftdə 45-ci mənzildə yaşayan sakin tərəfindən liftə müdaxilə olunub. Bu haqda akt da var, gedib yoxlaya bilərsiniz. 24-27-ci mənzildə yaşayan sakinlər evə inşaat materialları daşıyarkən lift xarab olub, qapılar sındırılıb, 45-ci mənzilin sakini də yenidən liftə müdaxilə edib. Bu problemlərin həlli üçün gərək həm sakinlər, həm də biz bir yerdə çalışaq ki, belə hallarla rastlaşmayaq. Bu haqda sizə məlumat lazımdırsa, biz o aktları sizə göndərərik. 151 manat isə mühərrikin təmiri üçün nəzərdə tutulub. Bu, müqavilədə də aydınca yazılıb”.

Həmin binanıın 1989-cu ildə istifadəyə verildiyini nəzərə alsaq, belə çıxır ki, o binaya quraşdırılan lift 25 illik ömrünü başa vurub. Deməli lift təmir edilmək əvəzinə yenisi ilə əvəz edilməlidir.

Əli Hənifəyev bunun səbəbini belə açıqlayıb: “Hazırda məsələ araşdırılır. Vəsait ayrılsa, təkcə bu lift deyil, digər liftlər də dəyişdiriləcək. Bakıda hazırda 2 mindən çox belə lift var”.

Qeyd edək ki, həmin binada əsasən Azərbaycanın bir çox tanınmış ziyalıları yaşayıb. Hazırda Aydın Məmmədov, İsa İsmayılzadə, Eldar Baxış, Nadir Cabbarov, Aydın Səlimzadə kimi görkəmli şəxslərin ailə üzvləri də bu lift problemindən əziyyət çəkənlərin siyahısına daxildirlər.

Bakı Lift Təmir İstehsalat Birliyinin baş mühəndisinin vəzifələrini icra edən texniki şöbənin mühəndisi bütün azərbaycanlıların onlar üçün eyni olduğunu bildirib: “Biz gücümüz çatanadək Azərbaycan vətəndaşlarına xidmət etmək istəyirik”.

Reaksiya.az sorğuya cavab almaq üçün Bakı şəhər icra hakimiyyətinə müraciət edəcək, çünki Bakı Lift Təmir İstehsalat Birliyi saytın sorğusuna yazılı cavab verməkdən imtina edib.

Xatırladaq ki, lift problemi Bakıda yaşanan ilk belə hadisə deyil və buna bənzər, hətta faciəylə nəticələnmiş kifayət sayda hadisələr baş verib. Əfsuslar olsun ki, həmin hadisələrin hər birində də Bakı Lift-Təmir İstehsalat Birliyi öz soyuq davranışını sərgiləyib, hadisəyə laqeydcəsinə yanaşıb. Bircə dəfə olsun belə birliyin rəhbərliyi tərəfindən hansısa problemin dərhal həll olunmasına göstəriş verilməyib. Təəssüflər olsun ki, birliyin rəhbəri Qüdrət Şükürovun adı müəssisəyə rəhbərlik etdiyi müddətdə bir dəfə olsun belə sözün yaxşı mənasında çəkilməyib. Adı hər zaman maaliyyə qalmaqallarında hallanan cənab Qüdrət Şükürovun başı deyəsən ancaq öz şəxsi məsələlərinə qarışıb. Belə olmasaydı, liftsizlikdən haray çəkən və ömrünü Azərbaycan xalqının aydın sabahına həsr edən ziyalıların səsinə səs verərdi.

Şərhlər