Nəqliyyat Nazirliyinin "saqqaldan götürüb bığa qoymaq" oyunu

06.10.2015 17:47     Sosreaksiya     2248

Bildiyimiz kimi, ölkəmizdə keçirilən ilk Avropa oyunlarından əvvəl şəhərdə sıxlıq yaranmasının qarşısını almaq məqsədilə xeyli sayda marşrut avtobuslarının hərəkət istiqamətləri məhdudlaşdırıldı.  Bir hissəsi isə ümumiyyətlə ləğv edilərək xətdən çıxarıldı. Ölkəmizə gələn qonaqları yüksək səviyyədə qarşılamaq üçün sərnişinlər yaranmış çətinliyə qatlaşmalı oldular və "müvəqqətidir" deyib səbr etdilər.

Ancaq həmin vaxtdan uzun zaman keçməsinə baxmayaraq mövcud çətinlik hələ də davam edir. Sərnişinlər Bakı ətrafı qəsəbələrdən, həmçinin Bakı kəndlərindən mərkəzə gəlmək üçün azı üç marşrut dəyişməyə məcburdurlar.

Hövsan qəsəbəsindən 28 may metrosu istiqamətində hərəkət edən 175 saylı avtobusun şəhərin görkəminə xələl gətirir deyə istiqamət xətti dəyişdirildi. Son dayanacağı Xətai metrostansiyasının yanı müəyyən edildi. İndi  Hövsan camaatı 28 may ərazisinə gəlmək üçün 2 və ya 1.50 manatlıq taksilərdən istifadə etməyə məcbur qalır.Və nəticədə də hər həftə bu yolda ağır yol qəza hadisələri baş verir, neçə-neçə insan həyatını itirir.

Problem bununla bitmir, Səməd Vurğun bağı ətrafında taksidən düşən sərnişin Nizami metrostansiyası istiqamətində hərəkət edən bircə dənə də olsun marşrut tapa bilmir. Asta qaçana imam qənim olsun, deyərək gücü verir “11” nömrə adlandırdığı ayaqlarına.

Təəssüflər olsun ki, bu, bir tək Hövsan sakinlərinin qarşılaşdığı problem deyil. İndi bu vəziyyətlə demək olar ki, Bakının bütün qəsəbə və kənd sakinləri üzləşirlər.

Ancaq nədənsə aidiyyati qurumlar sakinlərin səsini eşitmək, problemlərini aradan qaldırmaq istəmirlər. Hələ üstəlik gün keçdikcə problemi daha da ağırlaşdırırlar. Belə hadisələrdən biri bu gün səhər saatlarında yaşanıb. Sərnişinlərə xəbər verilmədən bir neçə marşrut avtobusunun hərəkət xətti dəyişdirilib. Nəticədə də sözün həqiqi mənasında marşrut “terroru” yaşanıb.

Reaksiya.az marşrut avtobuslarında yaranan bu və ya digər problemlərlə bağlı sosial şəbəkədə sorğu keçirib.

Sorğuda iştirak edənlər Nəqliyyat Nazirliyinin sərnişinlərin başına açdığı “oyundan” dad ediblər.

Qurban Rzayev bildirib ki, indi avtobus marşrutlarının əksəriyyəti sərnişinləri şəhərin ən optimal nöqtələrinə daşımaqdan daha çox "saqqaldan götürüb bığa qoymaq" oyunu oynayırlar: “Bu da sərnişindaşımada nəqliyyat xərclərinin marşrut sahibləri, habelə nəqliyyat departamentinin "səyləri" nəticəsində üstüörtülü şəkildə, dolayısı ilə, hətta deyərdim ki, Tarif Şurasınını səlahiyyətlərini mənimsəyərək 200-300 faiz qaldırmış olurlar. Məsələn, əgər sərnişin işə çatmaq üçün 1-1,5 saat ərzində bir neçə marşrut dəyişə-dəyişə işə çatırsa, sərnişindaşımada optimallıqdan danışmaq olarmı. Bəlkə də mənim bu postumu oxuyan dostlar "bəlkə avtobus marşrutları hər bir işçinin işlədiyi idarənin qarşısından keçə?!" məzəmmətini edəcəklər. Mən belə bir təklif edərdim: hər yerdə kart sisteminə keçirilsin, 1 gediş haqqı şəhərdaxilində 1 saat, şəhərətrafı marşrutlarda isə 1,5-2 saatlıq müddət üçün nəzərdə tutulsun, sərnişin həmin vaxt çərçivəsində 1,2,3, hətta 4 marşrut dəyişsə də kartdan yalnız bir gediş çıxsın, 1 dəqiqə keçəndən sonra kartdan ikinci gediş çıxsın. Bu, məncə, problemin ən ədalətli yoludur. Əks halda, bir marşrutdan o birinə, o birindən bu birinə tullana-tullana getməklə mənzil başına çatmaq sərnişinlərin cibinə girməkdən başqa bir şey deyildir. Bir şərtlə ki, avtobuslarda hərəkət və vaxt cədvəlinə ciddi əməl olunsun və avtobus sürücüsü içi sərnişinlərlə dolu avtobusu yol kənarında ət dükanının yanında saxlayıb ət, ya da qarpız seçməsin”.

Rəqibə Nazimqızı iki-üç marşrutdan istifadə etməyə məcbur qaldığını qeyd edib:  “"Neftçilər" metro stansiyası - Binəqədi istiqamətində işləyən 125 saylı marştrut oyunlarla bağlı ləğv olunub və xəttə əvəzinə başqa bir marşrut buraxılmayıb. Bu səbəbdən, əvvəl şəhərin mərkəzinə - işə gəlmək üçün 2 avtobus və ya 1 avtobus + metrodan istifadə etməli olurdumsa, indi üç avtobusdan və ya 2 avtobus + metrodan istifadə etməli oluram. Mərkəzdə avtobusların hərəkətinin əleyhinə deyiləm, camaat işə gəlir-gedir. Sadəcə, Binəqədiyə - Mərkəzi küçəyə günün istənilən saatında boş marşrut tapmaq olmur. Səhərlər gecikməmək üçün iki-üç dayanacağı keçib Binəqədinin mərkəzi küçəsinə gəlmək üçün adamın biri 1 manatdan taksilərə oturmalı oluruq”.

Şəmsiyyə Kərimova belə getsə avtobus probleminin hələ çox qalacağını vurğulayıb: “Əhmədlidən, konkret olaraq Həzi Aslanov metrosunun yanıdan düz şəhərin mərkəzinə qədər 95 saylı avtobus işləyirdi. Olimpiya Oyunları zamanı həmin avtobusun işləmə xəttini Xətai metrosuna qədər qısaltdılar və müvəqqəti olduğunu dedilər. Ancaq hələ də belədir. 2 saylı avtobusun da səmtini dəyişib Xətai metrosuna qədər qısaltdılar. Əhmədlidən 28 may metrosunadək yalnız 46 saylı avtobus işləyir. İndi siz təsəvvür edin, Əhmədlidən gələn camaatın vəziyyətini... Avtobusa minmək olmur, saatlarla yolda qalırlar.... Guya insanların rahatlığı üçün fikirləşirlər.. Vallah daha da çətinləşdirilib. Hər gün 2-3 marşrut dəyişən adamlar var. Bu onların büdcəsinə də zərər verir. Axı hər gün avtobusa 2 manata yaxın pul xərcləyən kasıb insanları niyə düşünən yoxdur? Yaxşı olar ki, avtobusların gediş-gəlişi üçün xüsusu zolaqlı yol ayrılsın. Bu yolla ancaq avtobuslar hərəkət etsələr, onda nə tıxac olar, nə də yol qaydaları pozular. Qəzaların da sayı azalar”.

Rəsmiyyə Qarayeva isə bu səhər avtobuslarla bağlı yaranmış problemdən gileylənib: “Bu sabah millətimizə yaşatdıqları heç bir dəftərə yazılmasın. Marşrut terroru yaşadıq bu sabah. Hər sabah gözümüzü yeni bir sürprizlə açırıq”. 

Şərhlər