"Cəbhəxətti kəndlərə güzəştlər edilməlidir" - Millət vəkili
07.10.2015 14:05 Sosreaksiya 1828

Millət vəkili Qənirə Paşayeva MM-də büdcə müzakirələri zamanı Ermənistanla ön cəbhə kəndlərinə müəyyən güzəştlərin edilməsi xahişi ilə çıxış edib.
Bu gün Milli Məclisin Komitələrində 2016-cı ilin büdcə müzakirələri zamanı çıxış edən millət vəkili Qənirə Paşayeva Ermənistanla ön cəbhədə yerləşən kəndlərin sakinləri üçün bəzi güzəştlər istəyib. O bildirib ki, ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanlar hər zaman böyük fədakarlıqla heç bir çətinlikdən və düşmən təxribatlarından çəkinməyərək öz evlərində yaşamaqda davam edərək düşmənə ən layiqli cavabı verirlər. Bu gün həmin kəndlərimizə dövlət tərəfindən dəstəyi daha da artırmaq yaxşı olardı. Ön cəbhədə yaşayanlar hər zaman cənab Prezident İlham Əliyevin diqqət və qayğısı altında olduğunu vurğulayaraq, Ermənistanla ön cəbhə rayonu sayılan Tovuzdan olan millət vəkili kimi ön cəbhə sakinlərinin xahiş və təkliflərini də səsləndirib. 2016-cı ilin büdcəsində onların nəzərə alınmasını xahiş edib: “Ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması yaxşı olardı. Hər halda, o cür gərginlik altında yaşayan gənclərlə digər rayonların sakinləri arasında ciddi fərq var”. Belə kəndlərə sərmayə qoyuluşunun az olduğunu diqqətə çatdıran Qənirə Paşayeva həmin ərazilərdə iş quran şəxslərin vergidən azad olunması təklifini də irəli sürüb. O bildirib ki, bu, həmin ərazilərdə yeni iş yerlərinin açılmasına təsir edər: “Sosial yardımların təyin edilməsində də müəyyən dəstək göstərilməsi yaxşı olardı“.
Millət vəkili Qənirə Paşayeva Maliyyə naziri Samir Şərifovun Bakı şəhərindən sonra 2016-cı ildə də 12 rayon və şəhərin orta məktəb müəllimlərinin diaqnostik qiymətləndilirməsinin həyata keçiriləcəyi və bunun onların əmək haqlarının artımına təsiri ilə bağlı fikirlərinin önəmli məsələ olduğunu vurğulayıb. Bu rayonların arasında ilkin mərhələdə Ermənistanla ön cəbhədə yerləşən rayonların da olmasının vacibliyi, əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib, bu istiqamətdə təklif və xahişlərlə çıxış edib.
Şərhlər