Sürüşmə ilə bağlı açıqlama - "Avtovağzala zərər dəyməyib"

07.10.2015 17:40     Sosreaksiya     2025

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının əməkdaşları Bakı Avtovağzal kompleksinin qarşısında sürüşmə baş verən əraziyə baş çəkiblər.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə ETSN-nin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

O bildirib ki, yağışlar davam edərsə, ərazidə uçma, böyük çökmə baş verə bilər.

Onun sözlərinə görə, sürüşmə atmosfer çöküntülərinin, ərazidə aparılan suvarmanın təsiri nəticəsində baş verib.

Baş geoloq əlavə edib ki, lay sularının sürüşmə prosesində rolunun olub-olmamağı aparılan tədqiqatlardan sonra bilinəcək.

Ə. Piriyev qeyd edib ki, sürüşmənin Avtovağzal binasına heç bir təsiri olmayıb.

Qeyd edək ki, bu gün Bakı-Sumqayıt yolunda sürüşmə baş verib. Sürüşmə hadisəsi şəhər istiqamətində, Bakı Avtovağzal kompleksinin qarşısında qeydə alınıb.

Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, Avtovağzalın yola yaxın həyətində iri çatlar əmələ gəlib. Sürüşmə nəticəsində yolun Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından Avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib.

Şərhlər