“Qadağa məcburi köçkünlərə şamil edilmir” - Kamran Əliyev
08.10.2015 11:46 Sosreaksiya 1907
Baş Dövlət Yol Polisi İdarəsi məcburi köçkünlərə məxsus nəqliyyat vasitələrinin paytaxta buraxılması ilə bağlı məsələyə aydınlıq gətirib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki,idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında bildirib ki, rayon qeydiyyatında olan minik avtomobillərinin Bakıya buraxılmasına qoyulmuş qadağa məcburi köçkünlərə şamil edilmir: “Bakı qeydiyyatında olan məcburi köçkünlərin avtomobillərinin paytaxta buraxılmasında heç bir məhdudiyyət yoxdur. Məlum qərar onlara şamil edilmir”.
Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarına əsasən yük və rayon qeydiyyatında olan minik avtomobillərinin yay və qış rejimlərində Bakıya buraxılmasına dair fərqli qrafik müəyyənləşdirilib.
Yay rejimi qrafiki çərçivəsində mayın 1-dən oktyabrın 1-dək səhər saat 07:00-dan axşam saat 22:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmır, yük və rayon qeydiyyatında olan minik avtomobilləri axşam saat 22:00-dan səhər saat 7:00-a qədər şəhərə daxil ola bilər.
Qış rejimi qrafikinə əsasən, oktyabrın 1-dən mayın 1-dək səhər saat 07:00-dan axşam saat 21:00-dək yük və rayon qeydiyyatında olan minik avtomobilləri paytaxta buraxılmayacaq, axşam saat 21:00-dan səhər saat 7:00-a qədər yük və rayon qeydiyyatında olan minik avtomobilləri şəhərə daxil olacaq.
Şərhlər