Yeni mənzilin mübarək, Nuriyyə xanım!

10.10.2015 12:34     Sosreaksiya     3167

Səhərin gözü açılmamış eşitdiyim bəd xəbər ildırım kimi beynimdə çaxdı. Xalq artisti Nuriyyə Əhmədovanın ölümü çox ağır gəldi mənə, həm də lap çox...

Yaratdığı obrazların böyük, kiçikliyindən asılı olmayaraq bütün rolları ilə yaddaşlarda qalmağı, sevilməyi bacarmışdı Nuriyyə Əhmədova. Təəssüflər olsun ki, Nuriyyə xanım təkcə əvəzedilməz ifası ilə yaddaşlarımızda qalmadı. Son illər elə müsibətlər gəldi ki, başına. Ən faciəvi kino, tamaşa yalan oldu onun həyatının yanında.

Həyatının sakit bir dövründə bala dağı dəydi ürəyinə, kürəkəni gözünün qabağında gəlin balasını öldürdü. Ürəyi paramparça olsa da ayaqda durmağı bacardı Nuriyyə xanım. “Qızımın yadigarını böyütmək üçün yaşamalıyam” dedi və davam elədi həyatına. Qızını gizlincə ağlaya-ağlaya, göz yaşlarını içinə axıda-axıda yaşadı. Yaşadımı, süründümü, bax elə bunu da bir tək özü bildi. Kirayə qaldığı darısqal mənzillərin qaranlıq divarları dərd ortağı oldu. Barı bir evi olmadı ki, qohum- qonşusu gələ arada, dərdinə qahmar çıxa. Özü danışırdı ki, balamı itirəndə havalanmışdım, özümü bu dünyanın adamı hesab eləmirdim. Həmin vaxtlarda Vaqif  Mustafayevin çəkdiyi “Fransız” filmində oynadığı obrazdan da sanki ağlını itirdiyi aydınca hiss olunurdu. Həmin filmdə rola girməmişdi, Nuriyyə Əhmədova elə öz dərdini oynayırdı.  

Qızı öləndə dost-tanışı “Allah balanın dərdini unutduracaq başqa dərd verməsin” deyərək təsəlli vermişdilər ona. Bala dağını başqa hansı dərd unutdurardı ki?! Yavaş-yavaş dərdlə qohum olmağa başladığı bir zamanda işə getdiyi vaxt sürücünün səhlənkarlığı üzündən avtobusun içindəcə yerə yıxıldı. Bu dəfə də öz canından zərbə aldı və bu zərbə onu xəstəxanalıq etdi. Bir müddət xəstəxanada qalıb müalicə olundu. Hər kəs üçün çox darıxdırıcı, narahat olan xəstəxana otağı bəlkə də ona çox rahat gəlirdi. Necə olmasa da, utana-utana, sıxıla-sıxıla qısıldığı dost-tanış evindən daha yaxşı idi. Ən azından orada özünü kimsənin küncünə sığınmış hiss eləmirdi. Bəlkə də elə həyatı boyu utanmadan, sıxılmadan rahat olduğu yeganə yer məhz elə o xəstəxana palatası olmuşdu.

Xəstəxanadan çıxandan sonra əzilmiş onurğa sümüyünün ağrısını daşıdı bir müddət. Düzdür, ürəyi dağlanmış bir ana üçün sümük ağrısının elə də acısı olmazdı. O cür balanın acısına dözməyi bacaran ana bir sümüyün əlində girinc qalası deyildi ki. Ancaq yıxılmağı qaysaq bağlamış yarasını qopartmışdı sanki. Elə bil yuxuda olan Nuriyyə Əhmədovanı yıxıldığı avtobus silkələyib oyatmışdı. Dərdini dəbərtmişdi yerindən.

Deyir, sən saydığını say, gör fələk nə sayır. Nuriyyə Əhmədova da hardan biləcəkdi ki, ürəyinə dəyən bala dağı, başına gələn hadisələr batmanla gələn dərd selinin başlanğıcıdır hələ. Hər kəs Nuriyyə Əhmədovanın sağalıb-sağalmadığını, nə vaxt səhnəyə, efirə dönəcəyini səbirsizliklə gözlədiyi səhərlərin birində daha bir faciə xəbərinə oyandı.

Bu dəfə də oğul balasının dağı yandırmışdı ciyərini Nuriyyə Əhmədovanın. Cavan oğlu gözlərini işıqlı həyata əbədi yummuşdu, 37 yaşlı Əli amansız xərçəng xəstəliyinə yenik düşmüşdü. Oğlunun ölümüylə xalq artistimizin də həyatının işığı söndü. Balasını soyuq torpağın altına tək yola salsa da ürəyinin yerdə qalan parasını onunla getmişdi. Ruh kimi dolaşırdı, xəyal kimi gəzirdi. Çoxları deyirdi ki, bu dərdlə çox getməz Nuriyyə Əhmədova. Heç getmədi də, gedəmmədi. Dünən özü də köç etdi balalarının yanına. Uçub getdi iki mələyinə qovuşmağa...

Bəlkə də əzrayılın gəlişini də toy-bayramla qarşıladı xalq artistimiz. Həm balalarına aparcaqdı vaxtsız ölüm onu, həm də nəhayət ki, özünə məxsus bir mənzili olacaqdı rahat uyumağa...  

Yeni mənzilin mübarək, Nuriyyə xanım.

İndi uşaqlarını başına toplayıb bəlkə özünə bir gün ağlayasan.

Ölülərin ağlamağını biz dirilər hələ görməmişik. Bəlkə sən bir ilk edəsən, elə ağlayasan ki, səni bu günə salaraq o dünyaya göndərən insanların bu dünyada gözlərinin yaşı qurusun, heç yanaqlarını islatmağa bir damcı belə tapmasınlar.

Sən isə tapdın. Sakit bir həyat.

Yeni həyatın mübarək, Nuriyyə xanım.

Şərhlər