"Bu, böyük bir tarixdir" - Nadir Əzməmmədov

13.10.2015 13:06     Sosreaksiya     2101

Bu gün ölkəmizdə dəmir yol işçilərinin peşə bayramı qeyd edilir. 2005-ci il oktyabrın 7-də ölkə prezidenti İlham Əliyev “Dəmir yolu işçilərinin peşə bayramının təsis edilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama əsasən, hər il oktyabr ayının 13-ü müstəqil Azərbaycan dəmir yolunun yarandığı gün – Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Reaksiya.az vasitəsilə dəmir yol işçilərinə təbrik ünvanlayıb: “Bildiyimiz kimi bu gün Azərbaycanda dəmir yolunun salınmasının 135 illiyi qeyd edilir. Bu, böyük bir tarixdir. Bakının neft sahibkarlarının çara müraciəti əsasında salınmış dəmir yolu 20 kilometrdən ibarət olub. Hazırda isə 3000 km yolumuz, bazamız, sərnişin parkımız, lokomativ parkımız var. İki dəhliz - şimal-Cənub, Qərb-Şərq dəhlizlərinin üzərində iş gedir. Şimal dəhlizi üzərində işlərə artıq start verilib. Dəmir yolu bu illər ərzində böyük bir inkişaf yolu keçib. Bu gün münasibətilə bütün dəmiryolçuları təbrik edirəm. Bu günkü gün bizə qoşulduğunuz, bizi təbrik etdiyiniz üçün sizə təşəkkür edirik”

Qeyd edək ki, Azərbaycanda ilk dəmir yolu 1878-ci il 13 oktyabrda salınıb.  XIX əsrin sonlarında Bakıda neft sənayesinin inkişafı, istehsal olunan neftin nəqli məsələsinin aktuallaşması, əvvəl Bakıda sonra isə bütün Azərbaycanda dəmir yolunun yaranmasına səbəb olub. Bakıda 1878-ci ildə salınmış ilk dəmir yolunun uzunluğu 20 kilometr olaraq Bakı-Suraxanı-Sabunçu yaşayış məntəqələrini əhatə edib. Bununla da dünyada ilk dəfə olaraq Azərbaycanda neftin sisternlərdə daşınması başlanıb və bu gün, tarixə Azərbaycanda dəmir yolunun əsasının qoyulması kimi düşüb.

Hazırda Azərbaycanda irili-xirdalı 176 dəmir yolu stansiyası var və onlar ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynayır. Respublikada dəmir yolunun hərtərəfli inkişafını, görülən işlərin səmərəliliyinin daha da artırılmasını təmin etmək məqsədi ilə Prezident İlham Əliyevin 2009-cu il 20 iyul tarixli sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb.

Şərhlər