"... nəsə gözləməyə dəyməz" - Təhsil üzrə ekspert

13.10.2015 15:29     Sosreaksiya     1889

Xəbər verildiyi kimi, Azərbaycanda orta məktəb müəllimlərinin diaqnostik qiymətləndirilməsi Bakı şəhərində aparılıb və ilin sonuna kimi də 12 rayon və şəhər üzrə qiymətləndirilmənin keçiriləcəyi gözlənilir. 

Növbəti mərhələdə isə ölkə üzrə orta məktəb müəllimlərinin həm attestasiyası, həm də sertifikasiyası aparılacaq.

Təhsil üzrə ekspert Vahid Aslan müəllimlərin diaqnostik qiymətləndirilməsi və nəticələri haqda Reaksiya.az açıqlama verib.

O, sınaq qiymətləndirilməsinin və attestasiyasının təhsilin inkişafı üçün müsbət addım olduğunu vurğulayıb: “Bu proses təhsilin modernləşməsi, ənənəvi formadan müasir təhsil sisteminə keçid üçün məcbur qalaraq addığımız addımdır. Bu, qaçılmazdır. Biz dünyəvi təhsildən, dünya təhsil siteminə inteqrasiyadan danışırıqsa, bu, mütləq bizim hansısa müəllimlərin, məmurun kefindən aslı olmayaraq, zamanın özünün yaratdığı tələbatdır. Biz bunu etməliyik”.

Ekspert attestasiyadan öncə müəllimlərin sınaq qiymətləndirilməsi prosesindən razı qalmadığını bildirib: “Mexanizm dəqiq və sistemli şəkildə qurulsa, yaxşıdır. İmtahan eyni vaxtda bütün respublika ərazisində tətbiq olunmalıydı. Həmin qiymətləndirmənin nəticəsində fərqlənən, yüksək nəticə göstərən müəllimlər stimullaşdırılmalı idi. Bildiyimiz kimi, maaşlar qalxdı, yüksək nəticə göstərənlərlə zəif nəticə göstərənlərin maaşı eyni dərəcədə artırıldı. İmtahanın nəticəsində 8-10 faiz müəllim, ümumiyyətlə öz ixtisasını 20 faizdən aşağı bilib. Onlar hələ də təhsil sistemində niyə qalıb? Deməli, biz hələ də mexanizmi düzgün idarə eləmirik”. 

O, attestasiya imtahanının nəticələrindən sonrakı vəziyyətin necə olacağını da qiymətləndirib: “Əgər sınaq qiymətləndirməsindən sonra baş verən formallıqlar attestasiyadan sonra da olacaqsa, nəsə gözləməyə dəyməz. Amma buraxılan qüsurlar aradan qaldırılarsa, yaxşı olacaq. Yox, əgər elə bu sınaq qiymətləndirilməsində olduğu kimi nəticələr formal olaraq qəbul olunacaqsa, onda yenə də deyirəm “köhnə hamam köhnə tas” olacaq”.

Ekspert, həmçinin attestasiyanın obyektiv keçirilməsi nəticəsində ciddi dəyişikliklərin olacağını da qeyd edib: “Müəllim özü də, valideyn də, şagird də hiss eləsin ki, savadlı müəllim belə hörmətə layiqdir, onun biliyi dövlət tərəfindən qiymətləndirilir. Bundan sonra da müəllim peşəsini seçənlər bilsin ki, savadı olsa, gələcəkdə yaxşı maaş alacaq”.

Qeyd edək ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev bildirib ki, diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınıb, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmayıb.

Amma attestasiyanın daha geniş formatda olması planlaşdırılıb. Attestasiya zamanı müəllimin həm test, həm də müsahibə mərhələsindən keçəcəyi ehtimal olunur.

Şərhlər