Bəlkə bizim Qarabağı ABŞ işğal edib? - Ekspert rəyi

13.10.2015 17:23     Sosreaksiya     1807

1792-ci il oktyabr ayının 13-də ABŞ prezidentlərinin iqamətgahı olan Ağ Evin bünövrəsi qoyulub və bina 8 ilə tikilib. Tarixçilərin, politoloqların fikrincə, o dövrdən bəri Ağ Evin otaqlarında dünyada baş verən bir çox münaqişələrin, dövlət çevirilişlərinin, müharibələrin planı qurulub. Və bununla da Ağ Ev daha çox qara xəbərlərin lokomotivi kimi yaddaşlara hopub. Elə dünyanın bugünkü siyasi müstəvisində "Taliban", "Əl-Qaidə", İŞİD terror təşkilatlarının yaradılmasının, Əfqanıstan, Liviya, Yəmən, İraq və Suriyada mövcud olan qarşıdurmaların baiskarı kimi Ağ Evi günahlandırırlar.

Azərbaycanlı politoloq Qabil Hüseynlinin tarixçilərin bu fikrinə münasibəti isə birmənalı olmayıb. 

Politoloq Reaksiya.az-a Ağ Evin adına belə ləkələrin yaxılmasının düzgün olmadığını bildirib: “ABŞ bu gün dünyanın bir nömrəli dövlətidir. Yeni dünyanın siyasət müstəvisinin formalaşmasında, demokratiya, insan haqlarının qorunmasında kifayət qədər böyük rol oynayır. Amerika əhval-ruhiyyəsinin Azərbaycanda yayılmasının tərəfdarı deyiləm. Amma biz hazırda dənizin 10 kilometr dərinliyindən neft və qaz çıxarırıqsa, bu, ABŞ və onun müttəfiqlərinə məxsus olan şirkətlərin texnoloji köməyi sayəsində mümkün olur. Bizim qərb yönümlü siyasətimiz mərhum Heydər Əliyev tərəfindən qoyulub, ona görə də böyük bir dövlətin imicinə toxuna biləcək, xətrinə dəyəcək ifadələrin işlənməsinin tərəfdarı deyiləm”.

O, həmçinin Azərbaycan və ABŞ münasibətlərinin heç vaxt gərgin olmadığını da vurğulayıb: “İkinci dünya müharibəsindən sonra dünyanın inkişafına görə bir çox xalqlar Amerikaya borcludur. Rusiya ilə ABŞ-ın əməllərini götürün və müqayisə edin, görək ortaya hansı çıxacaq. Bəlkə bizim Qarabağı ABŞ işğal edib, ermənilərə verib? Bəlkə münaqişəni o dondurub açılmağa qoymur? Vaxtilə bizə qarşı blokada siyasəti təşkil edilmişdi, Volqo- Don kanalından bir gəmimizin belə keçməsinə imkan vermirdilər. Bəlkə onu da ABŞ edib? Tarix boyu diqqət yetirsək, zərbələr bizə başqa istiqamətdən gəlib. ABŞ-ın başqa ölkələrə qarşı münasibəti pis ola bilər, lakin Azərbaycanla münasibəti həmişə yaxşı olub”. 

Şərhlər