Qənirə Paşayeva hökuməti dəstək göstərməyə çağırdı

13.10.2015 18:09     Sosreaksiya     1827

Bu gün Milli Məclisdə 2016-cı il büdcə müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva Tovuz rayonu ilə bağlı bir sıra təkliflərlə çıxış edib və bir sıra nazirliklərin rəhbərlərinə müraciətlə onların həllinə dəstək göstərməyə çağırıb.

Reaksiya.az xəbər verir ki, ötən gün Ermənistanla ön cəbhədə yerləşən Ağdam kəndində  sakinlərlə görüşdüyünü deyən millət vəkili Q.Paşayeva kənd sakinlərinin rayondan bu ön cəbhə kəndinə gələn yolun çox ağır vəziyyətdə olması, onların çox əziyyət çəkmələri, yolun düzəldiləcəyi ilə bağlı işlərin gecikməsi ilə bağlı fikirlərini səsləndirərək bildirib ki, bu yol doğrudan da pis vəziyyətdədir və onun qısa zamanda düzəldilməsinə ehtiyac var.

Millət vəkili rayonda təbii qazla bağlı problemlər barədə də danışaraq deyib ki, Ermənistanla ön cəbhədə yerləşən Tovuz rayonunda xeyli sayda kənd hələ də qazlaşmayıb və "Azəriqaz"ı qısa zamanda onların problemlərinin həlli istiqamətində addımlar atmağa çağırıb.

Qənirə Paşayeva Hunan kəndi ilə bağlı problemə xüsusi toxunub və bildirib ki, bu kəndin yaxınlığında yaşayış məntəqələri təbii qazla təmin edilib, amma neçə ildir bu kəndin məsələsi həll edilməmiş qalır və "Azəriqaz"ı qısa zamanda bu məsələnin həllinə çağırıb.  

Millət vəkili eyni zamanda yeni yaşayış massivlərində yaşayan ailələrə təbii qazın verilməsi ilə bağlı ailələrin üzləşdiyi bürokratik problemlərə də toxunub və vurğulayıb ki, hər hansı bir ailə öz mənzilinə yeni qaz xəttinin çəkilməsi ilə bağlı müraciət etdiyi təqdirdə onun bunun üçün lazım olan bütün sənədləşmə məsələlərinin “Azəriqaz”ın rayonlarda olan şöbələri tərəfindən həyata keçirilməsi lazımdır və bu insanları bu istiqamətdə bürokratik problemlərdən xilas etmək lazımdır. Tovuzda bir sıra kəndlər var  ki, sovet dövrlərində ev tikmiş abonentlerin evi təbii qazla təmin edilib, amma müstəqillik illərində tikilmiş yeni məhlələr deyilən yaşayış əraziləri, evləri təmin edilməyib. Yəni bir kəndin içində əhalinin bir hissəsinin qazla təmin edilib bir hissəsinin edilməməsi bu problemdən əziyyət çəkən insanları ciddi narahat edir və onlar bütün görüşlərdə bu məsələni qaldırırlar.

Bu barədə "Azəriqaz" rəhbərliyinə də müraciətlər etdiyini deyən millət vəkili Q.Paşayeva hökuməti bu məsələlərin həllində dəstək göstərməyə çağırıb.

Millət vəkili rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılır. Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili "Azərsu" rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökumətdən qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində dəstək göstərməyə  çağırıb. O bildirib ki, Tovuz ölkəmizin Ermənistanla ön cəbhədə yerləşən böyük kəndlərindən biridir və ümid edir ki, burada səsləndirdiyi təkliflər qısa zamanda öz həllini tapacaq.

Qənirə Paşayeva kəndlərdə ailələrin daha bir ciddi problemlə bağlı müraciətini də diqqətə çatdırıb.  O,  yataqxanalar probleminə toxunaraq bildirib ki, universitetlərə  rayondan, kəndlərdən daxil olan gənclərin  yataqxanalarda yerləşdirilməsi ciddi problemdir.  Bir çox ailələr var ki, uşaqlarını burada oxutmaq üçün kirayə ev tuta bilmir, buna imkanı yoxdur və  ciddi problemlə üzləşirlər. 

Yataqxanaların tikintisi və saylarının artması çox ciddi bir məsələdir  deyən millət vəkili deyib ki, kəndlərdə görüşdüyü insanlar bu məsələni Milli Məclisdə təkrar səsləndirməmizi və hökumət üzvlərindən bu məsələyə daha çox diqqət ayrılmasını xahiş edirlər. 

Millət vəkili  cənab Prezidentin rəhbərliyi altında aparılan uğurlu iqtisadi-siyasi siyasət nəticəsində ölkəmizdə o cümlədən millət vəkili olaraq təmsil etdiyi Tovuz rayonunda böyük işlər görüldüyünü deyərək 2016-ci ilin büdcəsini dəstəklədiyini və səs verəcəyini vurğulayıb.

Şərhlər