Dövlət Komitəsindən məscidin sökülməsi ilə bağlı - Açıqlama
14.10.2015 11:27 Sosreaksiya 1826
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Şəmkir rayonunda məscidin sökülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Reaksiya.az APA-ya istinadən xəbər verir ki, Şəmkir rayonunun Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb: “Eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb”.
Şəmkir rayonunun Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bildirir ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır: “Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır. İndiyədək dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əksinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Son 10 ildə ölkə prezidenti müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilmiş və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilib. Bu fakt deyilənlərin əyani təsdiqidir. Şəmkir rayonu Zəyəm kəndində mövcud faktla əlaqədar bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır”.
Qeyd edək ki, ötən gün bəzi KİV-də Şəmkir rayonunda məscidlərin birinin günbəzinin sökülməsi barədə xəbər yayılıb. Məlumatda qeyd olunur ki, rayonun Zəyəm kəndi ərazisində sakinlərin yardımı ilə tikilən məscidin fəaliyyəti dayandırılıb və məscidin günbəzi sökülüb.
Şərhlər