Gənclərimiz İrəvan tarixini öyrənir
14.10.2015 13:06 Sosreaksiya 1998
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası ictimai birliyi tərəfindən “İrəvan - bizim qala. 2-ci mərhələ” adlı layihə icra edilib.
Reaksiya.az xəbər verir ki, 7- 8 oktyabr 2015 – ci ildə İsmayıllı rayonunda, 9 -10 oktyabr 2015 – ci il tarixlərində Şəki şəhərində və 12- 13 oktyabr 2015 – ci il tarixlərində Masallı rayonunda həyata keçirilən layihə gənclər tərəfindən maraqla qarşılanıb. Azərbaycanda gənc nəslin İrəvan, Qərbi Azərbaycan haqqında bilikləri zəifdir və tələblərə cavab vermir. Bəzən müxtəlif beynəlxalq tədbirlərdə gənclərin iştirakı zamanı məlumatsılıq özünü pis tərəfdən göstərir. Ona görə də biz dədə - baba torpaqlarımızın tarixini gənclərimiz arasında təbliğ etmək qərarına gəldik. Bu haqda layihənin rəhbəri Nurəddin Mehdiyev qeyd edib.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan tarixi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycan – İrəvan haqqında məlumatlılığının artırılması, yalan erməni təbliğatına qarşı gənc nəsil tərəfindən töhvə verilməsi, tarixi həqiqətlərin İnternet məkanında tanıdılmasına xidmət etmək, gənc nəslin vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsidir. Layihə çərçivəsində iştirakçı gənclərə İrəvan tarixinə dair vizual görüntülü dərslər, Qərbi Azərbaycan tarixi haqqında maarifləndirici seminarlar, erməni yalanlarına qarşı sosial şəbəkələrdə fəaliyyət haqqında seminarlar keçirilib, İrəvan tarixi ilə bağlı foto və video materiallar nümayiş olunub. İrəvan və Qarabağ haqqında tanınmış resusrlar gənclərə tanıdılıb.
Seminarlar tarixçi Səbuhi Hüseynov tərəfindən aparılıb. Seminar -dərslər aşağıdakı mövzuları əhatə edib:
• İrəvan – qədim Azərbaycan torpağı
• İrəvan – tarixi faktlar
• İrəvanın tarixi memarlıq abidələri
• İrəvan əhalisi
• Azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti
Aparılan interaktiv müzakirələrdə gənclər aktiv iştirak ediblər. Hər bir regionda 2 gün ərzində davam edən layihə fəaliyyətinə adı çəkilən bütün regionlar üzrə birbaşa və dolayı yol ilə 3 000 gəncin cəlb olunması nəzərdə tutulub.
Layihə iştirakçıları tarixi faktların öz əksini tapdığı bukletlər, yazılı köynəklər və digər paylama materialları təmin olunub. İrəvan tarixi ilə bağlı nəşr - poliqrafiya məhsulları iştirakçılara paylanıb. Layihənin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Xatırladırıq ki, layihənin ilk mərhələsi bu ilin birinci yarsında Azərbaycanın Sabirabad, Biləsuvar, Aqstafa bögələrində həyata keçirilib.
Şərhlər