Millət vəkili Şirvan şəhərinin problemlərini müzakirəyə çıxartdı
14.10.2015 14:18 Sosreaksiya 1852
“2016-ci ilin büdcə layihəsi dünyada və regionda baş verən iqtisadi və siyasi prosesləri tam nəzərə alınmaqla tərtib edilmiş və ölkənin dünyadakı mövcud iqtisadi böhran ərəfəsində inkişafına hesablanıb”.
Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bunu millət vəkili Azay Quliyev bu gün Milli Məclisdə 2016-cı ilin dövlət büdcəsinin müzakirələri zaman deyib.
Millət vəkilinin sözlərinə görə, sirr deyil ki, Azərbaycan bu gün mövcud reallıqları və çağırışları nəzərə alaraq yeni iqtisadi mərhələyə qədəm qoyur: “Bu mərhələ şübhəsiz ki, yeni yanaşmalar tələb edir və büdcənin təhlili onu deməyə əsas verir ki, ölkə iqtisadiyyatı bu keçid dövrünə tam hazırdır. Bu dövr neftdən asılı olmayan iqtisadiyyatın və ya iqtisadiyyatın tam olaraq qeyri-neft sektoru üzərində qurulması mərhələsidir. Bu barədə cənab Prezident çıxışlarında qəti mövqeyini dəfələrlə bildiribdir. Büdcənin müqayisəli təhlili qlobal iqtisadi böhran zamanında və neftin qiymətinin aşağı olmasına baxmayaraq Azərbaycanın regionun ən güclü iqtisadiyyata malik olduğunu bir daha açıq aydın göstərir”.
A.Quliyev hesab edir ki, büdcə zərfinə yalnız bir sıra xarici ölkələrlə müqayisəli təhlil fonunda daha aydın və düzgün qiymət vermək olar: “Belə bir müqayisə həm də ona görə maraq doğurur ki, bəzi skeptiklərin söylədiyinin əksinə olaraq Azərbaycan iqtisadiyyatının yalnız neft üzərində qurulmadığını və neftin qiymətinin 2 dəfədən çox enməsinə baxmayaraq ölkəmizdə ÜDM-də və xüsusilə prioritet xərc istiqamətlərində azalma deyil, tam tərsinə ciddi artıma nail olunduğunu konkret faktlarla bir daha göstərə bilək”
İqtisadi inkişaf tempi qorunur
A.Quliyev hesab edir ki, Azərbaycanda gələn il Ümumi Daxili Məhsulda real artım 1.8 faiz, qeyri-neft sektorunda isə bundan 2 dəfə çox artım proqnozlaşdırılır: “Gələn il ölkəmizdə iqtisadi inkişaf MDB üzrə orta göstəricidən 6 dəfə çox olmaqla yanaşı hətta Avropa ölkələri üzrə orta artım göstəricisini də geridə qoyacaq”.
Neftdən asıllıq aradan qalxır
Deputatın fikrincə, gələn ilin dövlət büdcəsində qeyri-neft sektorunun payı 46.5 faizədək yüksələcək, bu isə 2015-ci ilin göstəricisindən 11.8 faiz, 2014-cü ilin uyğun rəqəmindən isə 12.5 faiz çoxdur: “Praktik olaraq bu o deməkdir ki, gələn il dövlət büdcəsində daxil olan hər 2 manatdan təxminən 1 manatı qeyri-neft sektorunun payına düşəcək”.
Əsas pritoritet xərc maddələri üzrə ciddi artımlar nəzərdə tutulur
A.Quliyevin sözlərinə görə, birbaşa əməyin ödənilməsinə yönəldiləcək xərclər 21,7 faiz, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 11,2 faiz, ümumi dövlət xərclərində 21.2 faiz, mədəniyyət, incəsənət, bədən tərbiyəsi, idman sahələrində 2 dəfə artım müşahidə olunacaqdır: “Bu göstəricilər qonşu ölkələrdə çox aşağıdır. Məsələn, Azərbaycanda təhsil xərclərində artım tempi Macarıstan dövlət büdcəsində uyğun xərclərdəki artım tempi ilə müqayisədə daha çoxdur. Və yaxud Polşada gələn il müdafiə xərcləri 5.4 faiz azalacaq. Gürcüstanda müdafiə xərci gələn cəmi 0.4% artacaq. Ölkəmizdə isə müdafiə xərclərində 4.4 faiz artım nəzərdə tutulur.
Burada Ali Baş Komandan cənab prezidentə ayrıca təşəkkür etmək istəyirəm ki, belə bir böhranlı vəziyyətdə müdafiə xərcimizin nəinki azalmasına imkan vermədi, tam tərsinə bu xərci kifayət qədər artırdı”.
Büdcə gəlirlərinin həcminə görə regionda mütləq liderlik saxlanılır
Deputatın fikrincə, 2016-cı ildə Azərbaycan dövlət büdcəsinin gəlirləri düşmən Ermənistan ilə müqayisədə 6 dəfə yaxın böyükdür. Hətta Azərbaycan dövlət büdcəsinin gəlirləri gələn il Gürcüstan və Ermənistanın birlikdə büdcələrindən 2 dəfədən artıq olacaq.
Real sektorun və kənd təsərrüfatının dəstəklənməsi davam edir
A.Quliyev hesab edir ki, ölkəmizdə aqrar sektora dövlət büdcəsindən ayrılan xərclərin həcmi artdığı halda bir sıra MDB ölkələrində bu istiqamətdə azalmalar qeydə alınacaq. Məsələn, qonşu Rusiyada bu istiqamət üzrə xərclər 26 faiz azalacaq:
“Əlbəttə, bunlarla yanaşı bizim gələn il xüsusi diqqət tələb edən məsələlər də az deyil. Bunlar haqqında hörmətli Prezidentimiz cənab İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin genişləndirilmiş iclasında ətraflı məlumat verdi. Ümumiyyətlə mən cənab Prezidentin NK-nin iclasındakı çıxışını Azərbaycanın gələcək inkişaf xəttinin və prioritetlərinin müəyyənləşdirilməsi baxımdan mühüm əhəmiyyət daşıdığını bildirmək istəyirəm. Dövlət başçısının çıxışında toxunduğu iki məsələnin büdcəyə və iqtisadiyyata birbaşa aid olduğuna görə xüsusilə qeyd edilməlidir.
Bunlardan biri, son 9 ayda açılan 67 min yeni iş yerindən 30 mininin bağlanmasının səbəblərinin araşdırılması, digəri isə ixrac yönümlü qeyri-neft sektorunun vergi mexanizmləri vasitəsilə stimullaşdırılmasıdır. Əlbəttə ki, bütün bunların həlli gələn ilin büdcə siyasətində öz əksini tapmalıdır.
Şirvan
A.Quliyev çıxışında Şirvan şəhərinin problemlərindən də danışdı: “Şirvan şəhər Kür-körpü yaşayış massivində yerləşən hal-hazırda 42 şagird yerlik 19 nömrəli ibtidai məktəb Kür daşqını zamanı qəzalı vəziyyətə düşüb. Nazirlər Kabinetinin sərəncamı ilə yaradılmış Komissiyanın rəyinə əsasən 80 şagird yerlik yeni məktəb binasının tikilməsi məqsədəuyğun hesab edilmişdir. Maliyyə Nazirliyinin bu məsələyə imkan daxilində baxmasını xahiş edirəm.
Şirvan şəhərində əhalini narahat edən ən mühüm problemlərdən biridə şəhərdə uşaq bağçalarına olan kəskin ehtiyacdır. Belə ki, şəhərdə 6 yaşa qədər uşaqların sayı 7200 nəfərdən artıq olmasına baxmayaraq cəmi 560 yerlik 6 uşaq bağçası fəaliyyət göstərir. Yerdə qalan 6640 uşaq bağçasına getmək imkanından məhrumdur. Təklif edərdim ki, bu problemin mərhələ-mərhələ həll edilməsi üçün hökumət müvafiq addımlar atsın”.
Şərhlər