Kiloqramı 58 qəpik olan toyuq əti niyə 3 manata satılır?

14.10.2015 16:12     Sosreaksiya     2047

Mətbuatda ötən il Azərbaycana 6 milyon dollarlıq toyuq əti gətirildiyi və həmin ətlərin 1 kiloqramının 58 qəpiyə başa gəldiyi haqda informasiya yayılıb.

Lakin toyuq ətinin daxili bazardakı qiyməti 2-3 manatdan başladığı hamıya məlumdur.

Reaksiya.az bunun səbəblərini öyrənmək üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb.

O, qiymətlərin artırılmasının bu sahə üzrə ciddi nəzarətin olmamasından irəli gəldiyini qeyd edib: “Təsadüfi deyil ki, hələ 2003-cü ildə prezident fərman verdi və fərmanda göstərildi ki, müvafiq dövlət orqanları hər 3 aydan bir gömrüyə qədərki qiymətlərl' gömrükdən sonrakı qiymətlərin müqayisəsini aparsın və onu qəzetlərdə çap eləsin. Bu hadisə Azərbaycan tarixində bir dəfə baş verdi. Təkcə toyuq yox, bir sıra mallar, o cümlədən siyənək balığı, noxud, banan da daxili bazarda baha qiymətinə satılır. Verilən rüşvətlər malların üzərinə otuzdurulur, ona görə də şişirdilmiş qiymət meydana çıxır”.

Ekspert, həmçinin İlham Əliyevin Nazirlər Kabineti ilə keçirtdiyi iclasda bu məsələyə toxunduğunu da xatırladıb: “Cənab prezident ayın 12-də Nazirlər Kabinetinin iclasında bu barədə danışdı, sahibkarlardan rüşvət alınmasını dilə gətirdi, problemlərdən, lisenziyalardan danışdı. Bu halların aradan qalxması üçün müəyyən tapşırıqlar da verdi. Prezident bunu açıq şəkildə dedi, ictimai nəzarətin də artırılmasını diqqətə çatdırdı”.

Şərhlər