Bahar Muradova seçicilərilə görüşdü

14.10.2015 16:52     Sosreaksiya     2163

4 saylı Qayıdış qəsəbəsində Bahar Muradovanın daha bir görüşü keçirilib. Toplantıya qatılan 500-dək seçici YAP-nın deputatlığa namizədini coşqu ilə qarşılayıb.

YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova Bahar Muradovanı tədbir iştirakçılarına təqdim etdikdən sonra vəkillər 84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd haqqında danışaraq onun siyasi fəaliyyətini təqdir etdiklərini bildirib, Bahar Muradovanın həm qanunvericilik, həm də digər siyasi sahələrdə fəal mövqe nümayiş etdirdiyini deyib və seçiciləri növbəti 5 il müddətinə yenidən onun namizədliyini dəstəkləmək və Heydər Əliyev ideyalarının daşıyıcısı olan YAP-na səs verməyə çağırıblar.

Reaksiya.az xəbər verir ki, səmimi mühitdə keçən görüşdə sakinlər öz ürək sözlərini söyləyib, sosial problemlərin həllinə və həmçinin rayon əhalisinə göstərilən diqqət və qayğıya görə prezident İlham Əliyevə təşəkkürlərini ifadə ediblər. Tədbir iştirakçılarından Fazil Babayev, Burcalı Allahyarov, Qiyas Quliyev, Sevil Səfərova və Təbərrik Əsgərxanova öz çıxışlarında Bahar Muradovanın millət vəkili kimi onların etimadlarını hər səviyyədə layiqincə doğrultduğunu və buna görə də həmyerlilərini bu siyasi kompaniyada da ona səs verməyə dəvət ediblər.

Deputatlığa namizəd Bahar Muradova öz çıxışında Azərbaycan dövlətinin və dövlətçiliyinin keşiyində duran hər kəsə fəal vətəndaşlıq mövqeyinə görə təşəkkür edərək, bundan sonra da Heydər Əliyev ideologiyasına, onun yorulmaz davamçısı prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasətinə, YAP-nın prinsiplərinə sadiq qalaraq Azərbaycan dövlətinin və Azərbaycan xalqının maraqlarını hər zaman hər şeydən üstün tutacağını bəyan edib.

Tədbirdən sonra Bahar Muradova seçiciləri qəbul edib və onların təkliflərini dinləyib.

Təbliğat-təşviqat kompaniyası davam etməkdədir.

Şərhlər