Ölkəmizdə Məhərrəm ayı başlayıb
15.10.2015 09:52 Sosreaksiya 2353
Reaksiya.az-ın məlumatına görə,Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır, yeni Hicri 1437-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir.
Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir.
Fətvada qeyd olunur ki, Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, habelə müvafiq icra qurumları tərəfindən müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlər yalnız müvafiq dövlət qurumlarının icazəsi əsasında təşkil oluna bilər. Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmaqla Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi də yad edilməlidir. Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir. Qurşağadək soyunaraq sinə vurmaq, zəncirlə və ya başqa alətlərlə qan çıxarmaq şəriətə uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə və başqalarına xəsarət yetirməməlidirlər.
"Son illər təziyə günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki, inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən, o cümlədən, Qarabağ, Xocalı şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməli, Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan tezliklə azad olunması üçün dualar etməlidirlər", - deyə fətvada vurğulanır.
Şərhlər