Bahar Muradova seçicilərlə görüşdü
15.10.2015 11:42 Sosreaksiya 4067
Oktyabrın 11-də 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın idarə heyətinin üzvü Bahar Muradova ilə rayon ərazisindəki 9 saylı Qayıdış qəsəbəsində seçicilərlə görüş keçirilmişdir.
Reaksiya.az xəbər verir ki, yaxınlıqdakı 6 qəsəbənin əhalisini təmsil edən 400-dən çox seçicinin iştirak etdiyi tədbiri YAP-nın Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova açaraq namizədin həyat və fəaliyyəti barədə geniş məlumat vermiş və vəkilləri toplantı iştirakçılarına təqdim etmişdir.
Namizədin vəkilləri çıxış edərək respublikamızda keçirilən ən böyük siyasi hadisələrdən sayılan parlament seçkilərinin Azərbaycanın siyasi həyatında və demokratiyanın inkişafında vacib rol oynadığını ifadə etmiş, seçiciləri bu prossesdə fəal iştirak etməyə çağırmışlar. Natiqlər qeyd etmişlər ki, Heydər Əliyevin ideyalarının getdikcə daha geniş təşəkkül tapdığı Azərbaycan dünya miqyasında öz sözü və yeri olan bir ölkəyə çevrilmiş və xalqımızın xoşbəxt gələcəyinin təminatına güclü zəmin yaranmışdır. Bu mənada ölkə rəhbəri cənab İlham Əliyevin rəhbərlik etdiyi YAP-nın siyasi kursunun alternativi yoxdur. Bahar Muradova bu siyasətin önündə gedən ictimai-siyasi xadim kimi həm ölkə daxilində, həm də beynəlxalq miqyasda öz seçicilərini həmişə ləyaqətlə təmsil etmiş və seçicilərinin inam və rəğbətini qazanmışdır.
Ona görə də çıxışçılar seçiciləri bu seçkilərdə məhz YAP-nın namizədlərinə səs verməyə dəvət etmişlər.
Görüşdə çıxış edən müəllim Mirmehdi İbişov, iş adamı, təqaüdçü Əmir Həsənov, qəsəbə ağsaqqalı Məhəmməd Abbasov, şəhid anası Mahirə Qənbərova və müəllim Vüqar Hacıyev ölkə rəhbərliyinin cəbhə bölgəsində məskunlaşmış məcburi köçkünlərə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirmiş və buna görə minnətdarlıqlarını ölkə başçısına çatdırmağı deputatlığa namizəddən xahiş etmişlər. Bahar Muradovanın millət vəkili kimi fəaliyyətindən razılıqlarını ifadə edən çıxışçılar bu dəfə də öz səslərini YAP-nın namizədlərinə verəcəklərini bildirmişlər.
Seçiciləri qarşısında çıxış edən Bahar Muradova parlament seçkilərində YAP-nın namizədi olduğundan və Milli Məclisdə məhz bu bölgəni təmsil etməsindən qurur duyğularını bildirmiş və bundan sonra da ölkə rəhbərliyinin və YAP-nın sədri cənab İlham Əliyevin siyasi xəttinin davam etdirilməsi üçün bütün imkanlarını səfərbər etmək əzmində olduğunu ifadə etmişdir. O, bildirmişdir ki, yalnız Heydər Əliyev dühasından doğan ideologiya Azərbaycanın xoşbəxtliyinin təminatı ola bilər və bu siyasətin alternativi mövcud deyil. Azərbaycan dinamik inkişaf yolundadır, onun demokratik, güclü sütünları mövcuddur. Ona görə də bizi yeni, daha yüksək hədəflərə çatdıracağına heç bir şübhə yoxdur. Bahar Muradova toplantı iştirakçılarına ölkə rəhbərliyinə və öz ünvanına söylənən xoş sözlərə və münasibətə görə seçicilərə təşəkkür etmiş və sakinləri seçkilərdə fəal olmağa çağırmışdır.
Bahar Muradova eyni zamanda müxtəlif məsələlərlə bağlı seçiciləri qəbul etmiş, onların təklif və müraciətlərini dinləmişdir.
Sonda toplantı iştirakçılarının bir qismi ilə kollektiv şəkil çəkdirilmişdir.
Şərhlər