Azərbaycanda Məhərrəm ayı necə qeyd olunur?
15.10.2015 17:10 Sosreaksiya 4226
Bu gündən müsəlman aləmində Məhərrəm ayı başlayır.
Məhərrəm ayının tarixi haradan başlayır?
Məhərrəm ayı müsəlman təqvimində (Hicri-Qəməri təqvimi) ilin birinci ayı hesab olunur. Ay təqvimində ilin günlərinin sayı günəş təqvimindən 10 gün az olduğu üçün hər il Məhərrəm ayı fərqli günlərə təsadüf edir. Məhərrəm İslam dininə görə “haram” edilmiş 4 aydan biridir. İslam hökmlərində bu ayda qan tökmək, müharibə aparmaq qadağan, daha doğrusu haram elan edilib. İslami mənbələrdə Məhərrəm ayı haqda bir sıra məlumatlar yer alıb və bu ayın əsas hadisəsi olaraq Aşura və ya Kərbəla hadisəsi kimi qeyd edilib. Miladi təqvimlə 680-ci il (Hicrətin 61-ci ili) Məhərrəm ayında İraqın Kərbəla çölündə baş verən qanlı hadisələr bütövlükdə İslam təqvimində ən mühüm hadisələrdən biri kimi tarixə düşüb. Məhərrəm ayının 10-cu, bildiyimiz Aşura günü İslam Peyğəmbəri Həzrət Məhəmmədin nəvəsi İmam Hüseyn ailə üzvləri və tərəfdaşları ilə birlikdə Kərbəla çölündə şəhid olublar.
Məhərrəm ayında, həmçinin bir sıra başqa hadisələr də xatırlanır. Məsələn, Adəm Peyğəmbərin yaradılışı, İbrahim Peyğəmbərin doğulması, Adəmin tövbəsinin Allah tərəfindən qəbul olunması, Musa Peyğəmbərin yəhudiləri Firondan xilas edərək Misirdən çıxarması və Qiyamət gününün bu ayda baş verəcəyi və s.
Kərbəlada baş vermiş hadisədən təxminən 200 il sonra Misirdə Fatimilər Aşura gününü matəm günü elan ediblər. Tarixi mənbələrdə qeyd edilir ki, hicrətin təxminən 400-cü ilində Bağdadda Aşura günü milli matəm günü elan olunub. Bağdad sakinləri Hüseynin susuzluqdan öldüyünü nəzərə alıb küçələrdə susuzlara soyuq su və şərbət paylayıblar.
Azərbaycanda Məhərrəm ayı necə qeyd olunur?
Bir çox müsəlman ölkəsində olduğu kimi, Azərbaycanda da Məhərrəm ayı xüsusi şəkildə qeyd edilir, vacib olan əməllər yerinə yetirilir. Hər il Qafqaz Müsəlmanları İdarəsi Qazilər Şurasının Məhərrəm ayı ilə bağlı fətva verir. QMİ-nin fətvasına görə bu il Məhərrəm ayının 1-i Miladi təqvimlə 2015-cü il oktyabr ayının 15-nə təsadüf edir. Qeyd edək ki, bu gün Hicri-qəməri təqvimi ilə 1436-cı il başa çatır, yeni Hicri 1437-ci il başlayır. Məhərrəm ayının 10-u - Aşura günü 2015-ci il oktyabr ayının 24-nə təsadüf edir.
Azərbaycan müstəqillik qazandıqdan sonra kütləvi şəkildə bir çox dini ayinlərin, dini bayramların qeyd edilməsinə başlanıldı. Həmçinin də Məhərrəm ayının qeyd edilməsi geniş vüsət aldı. Xüsusilə də bəzi regionlarda, bölgələrdə, rayonlarda dini ayinlərin yerinə yetirilməsində həddindən çox ifrata varıldı. Xüsusilə cənub bölgəsində, Bakının bir neçə kəndində Aşura hadisəsi əfsanələşdirilməyə başlandı. Hətta, Kərbəla hadisələri səhnələşdirildi, desək daha doğru olar. Kənd sakinləri qocalı, cavanlı zəncirlə sinə döyüb, xəncərlə baş yarıb qan tökməyə başladılar. Lakin çox keçmədi ki, aidiyyati qurumların müdaxiləsindən, QMİ-nin lazımi təbliğat və təşviqat işlərindən sonra xurafata aparılan dini mərasimlərə son qoyuldu. Müsbət haldır ki, indi Məhərrəm ayında daha müsbət əməllər həyata keçirilir. Xeyriyyəçilik tədbirləri, xəstələrə qan vermə aksiyaları, sosial problemləri həll etmək istiqamətində müəyyən tədbirlər həyata keçirilir.
Hazırda paytaxtda Aşura mərasimləri məscid ərazilərində, ibadət ocaqlarında, müəyyən edilmiş xüsusi məkanlarda ictimai asayiş qaydalarına əməl etməklə qeyd edilir. Məclislərdə Kərbəla şəhidlərinin ruhuna mərsiyyələr oxumaqla bərabər, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda canından keçmiş şəhidlərimizin müqəddəs xatirəsi də yad edilir.
Son illərdə QMİ-nin təşəbbüsü ilə Kərbəla şəhidlərinin xatirəsinə həsr edilmiş qanvermə aksiyası keçirilir. Bu son illərdə həyata keçirilən çox nümunəvi və alqışalayiq bir tədbirdir, həmçinin bu aksiya nəinki Məhərrəm ayında, digər aylarda da davam etdirilməlidir.
Şərhlər