Azay Quliyev seçicilərlə görüşləri davam etdirir - FOTOLAR

16.10.2015 00:34     Sosreaksiya     2156

Azay Quliyev 8-ci dairədə yaşayan ziyalılarla görüşüb.

Reaksiya.az xəbər verir ki, bu gün 8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev Naxçıvani küçəsinin sakinləri ilə görüşüb. Ziyalıların, tanınmış elm- mədəniyyət xadimlərinin çoxluq təşkil etdiyi görüşü açan namizədin vəkili Umud Rəhimoğlu Azay Quliyevin fəaliyyəti haqqında məlumat verib.  

Seçici, tanınmış şair Zakir Fəxri Azay Quliyevi yaxından tanıdığını qeyd edərək onun bu dairədən namizəd olmasından məmnunluğunu bildirib: “Bəzən seçiclər deputata onun səlahiyyətinə aid olmayan tələbləri, istəkləri çatdırırlar. Bunun bir çox səbəbləri var. Azərbaycan Prezidentinin son müşavirədə bu haqda söylədiyi fikirlər xalq tərəfindən rəğbətlə qarşılandı. Əminik ki, səs verəcəyimiz Azay Quliyev bizim parlamentdəki səsimiz olacaq. Mən buna bütün səmimiyyətimlə inanıram”.  

BDU-nun professoru Alxan Bayramoğlu da Azay Quliyevin fəaliyyətini uzun illərdir izlədiyini nəzərə çatdırıb: “Mən mətbuatda, ictimaiyyət arasında Azay Quliyevə yalnız pozitiv yanaşma görmüşəm. Azay Quliyevin indiyədək olan fəaliyyəti, onun həm seçiciyə sözüdür, həm də rəqibləri üzərindəki mütləq üstünlüyüdür.”

  Tənqidçi-ədəbiyyatşünas Qurban Bayramov bildirib ki, Azay Quliyevin 10 illik deputat fəaliyyəti ona, ən müxtəlif xarakterli insanlarla ünsiyyət qurmaq bacarığını aşılayıb: “Bu təcrübə biz binəqədililər üçün çox  önəmlidir” . Q.Bayramov həmçinin, A.Quliyevin müəllimlərin dövlət qulluğu sisteminə keçirilməsi haqqında parlamentdə qaldırdığı məsələni xatırladaraq, növbəti deputat fəaliyyəti dövründə bu məsələni aktuallaşdırmağı təklif edib.  

“Mən heç vaxt deputatlığa namizədlərin görüşündə olmamışam”-deyən psixoloq-alim Sədaqət Məmmədova bu görüşə Azay Quliyevin ictimai nüfuzuna, işgüzarlığına inanaraq gəldiyini söyləyib. Görüşdə digər çıxış edənlər də seçki günü məntəqələrə gedərək səslərini Azay Quliyevə verəcəklərini vurğulayıblar.    

  Deputatlığa namizəd Azay Quliyev öz çıxışında seçki kampaniyası dövründə seçicilərə vəd vermədiyini qeyd edib. Bildirib ki, deputatın vəzifəsi seçicinin səsi olmaqdır: “Mən vəd vermirəm, amma, millət vəkili kimdir, vəzifəsi nədir, bunları çox gözəl anlayıram, 10 illik deputatlıq fəaliyyətim bunu deməyə əsas verir. Əlbəttə, deputatın əsas funksiyası qanunvericiliklə bağlıdır. Amma eyni zamanda, öz  statusundan  istifadə edərək təmsil etdiyi ərazinin və seçicilərin qayğılarının həlli üçün yerli icra orqanlarla əməkdaşlıq müstəvisində çalışmaqla müəyyən nəticələr əldə etmək olar. Mən 10 illik deputat fəaliyyətimdə əldə etdiyim bu uğurlu təcrübədən sizlər üçün də yararlanmağa çalışacağam”.

  Qeyd edək ki, deputatlığa namizəd Azay Quliyev 16 oktyabrda saat 16.00-da Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələri  ilə 8-ci mkr. N.Nərimanov küç. 81a ünvanında görüşəcək.     

Şərhlər