Avtoxuliqanlara bəd xəbər - Yeni cəzalar gəlir
16.10.2015 01:35 Sosreaksiya 1865
Azərbaycanda avtoxuliqanlıqla məşğul olan sürücülərə qarşı yeni cəzaların tətbiq edilməsi təklif edilir.
Milli Məclisdən verilən maddələrə görə, bu məsələ parlamentin oktyabrın 20-də keçiriləcək iclasının gündəliyinə daxil edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən əlavələrdə öz əksini tapıb.
Belə ki, İnzibati Xətalar Məcəlləsinin 296-1-1-ci maddəsinə təklif olunan əlavəyə əsasən, 296-1-1-ci maddədə nəzərdə tutulmuş hərəkətlərin aşkar sürətdə iki və ya daha artıq nəqliyyat vasitəsinin iştirakı ilə sürət yarışı təşkil edərək yolda müəyyən edilmiş hərəkət sürəti həddini 60 km/saatdan artıq aşmaqla törədilməsinə görə, nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 2 min manatdan 4 min manata qədər miqdarda cərimə edilir və ya nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Qeyd edək ki, Məcəllənin 296-1-1-ci maddəsində avtoxuliqanlıq dedikdə, nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlər nəzərdə tutulur.
Şərhlər