"Belə zəlzələ xəbərləri yalan olur" - RƏSMİ AÇIQLAMA
16.10.2015 11:49 Sosreaksiya 2370
Dünəndən bütün mətbu orqanlarda dünyada fəlakətin baş verəcəyi barədə məlumatlar yayılıb. Qeyd olunur ki, bu həftənin şənbə günü, oktyabrın 17-də dünyada ən dəhşətli zəlzələ baş verəcək və nəticədə 40 milyon insan həyatını itirəcək.
Yayılmış xəbərin mənbəyi kimi London Universitetinin fiziki Mehran Keşe göstərilib. İngilis fizikin sözlərinə görə zəlzələ ABŞ, Cənubi Amerika və Asiya sahillərində baş verəcək.
Qeyd edək ki, dünyada belə qorxulu faciənin baş verəcəyi xəbəri ilk deyil. 2012-ci ildə də dünyanın dağılacağı barəsində xəbərlər yayılmışdı. Artıq insanlar belə xəbərlərin yalan çıxmasından sonra bu tip məlumatlara inanmırlar.
Reaksiya.az yayılmış zəlzələ xəbərinə aydınlıq gətirməyə çalışıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli bu olaya geniş şərh verib.
O, yayılmış bu məlumatın heç bir əsasının olmadığını bildirib: “Bu cür populist çıxışlar çox olur. O zəlzələnin proqnozunun nə zaman olacağının heç bir əsası yoxdur, indiyə qədər də bu tipli çox mülahizələr olub və heç biri özünü doğrultmayıb. Hesab edirəm ki, bu, boş sözlərdir. Məlumatı əsaslandırmaq üçün yazılar, faktlar olmalıdır. Yadınıza gəlirsə, 2012-ci ildə də planetlərin paradı olacaqdı. Yerin dağılacağı, meteroid düşəcəyi barəsində də məlumatlar yayılmışdı. Ancaq zaman hamısının yalan olduğunu sübut etdi”.
Qurban Yetirmişli, həmçinin ingilis fizikin özünü reklam etmək məqsədilə bu xəbəri yaydığını vurğulayıb: “Bu, həmin fizikin özünü tanıtdırmaq üçün populist çıxışıdır. Alim belə bir fikir söyləyirsə, mütləq onu əsaslandırmalıdır. Dünya aləmində həmin alim barəsində ilk dəfədir ki, eşidirəm. Bu qədər konfranslar keçiririk, dünya miqyaslı konfranslarda iştirak edirik. Tanınmış seysmoloqları, dünya miqyaslı alimləri tanıyırıq, ancaq elə bir alimi görməmişəm, eşitməmişəm, tanımamışam, heç bir məqaləsinə də rast gəlməmişəm”.
Şərhlər