Masazırda bir küçəni həm su basdı, həm də od bürüdü - Hadisə - FOTOLAR

16.06.2015 22:07     Sosreaksiya     5279

Masazır qəsəbəsi Əliağa Vahid küçəsi, döngə 8-də eyni vaxtda həm yanğın baş verib, həm də kanalizasiya xətti tutularaq ərazini su basıb. 

Bu barədə Reaksiya.Az-a məlumat verən Masazır sakini, jurnalist Rüfət Əhmədzadə bildirib ki, "döngə 8" adı ilə tanınan həmin adsız küçə həm də Masazırın ən bəxtsiz küçələrindəndir, çünki bu ərazi "aidiyyatı olan qurumların" diqqətindən kənarda qalıb.

"Nə normal kanalizasiya xətti var, nə digər küçələr kimi asfaltlanıb, nə də işıq və su problemləri aradan qalxır. Tez-tez ərazidəki transformator yanır, kanalizasiya xətti tutulur və az qala hər həftə su xətti partlayır. Heç qaz sarıdan da bu küçə normal vəziyyətdə deyil. Məhləmizdə yanğın var. Küçənin başındakı zibilliyi qonşulardan kiminsə otluğa atdığı siqaret kötüyü yandırıb, sonra qarşısını ala bilməyiblər. FHN işçiləri gəlib söndürdülər. Yanğın bütün küçəyə yayıla bilərdi. Bu bir yana, zibilliyin burda nə işi var? Deyim sizə. Bir ilə yaxındır ki, "aidiyyatı olan qurumlar" gəlib zibilqabıları bütün küçələrdən yığıblar. Mərkəzi yol sayılan Əliağa Vahid küçəsi boyunca zibil qabları vardı, sakinlər gəlib zibillərini ora atırdılar. İndi isə zibil dolu sallofanları kim hara gəldi, yolun kənarında bir yerə atır. Həmin zibillik yaranan ərazi də kiminsə həyət sahəsidir və həm də ordan qaz xətti keçir. Vaxtaşırı zibil maşınlarının gəlib zibil götürdüyünü görürük, amma bu, yaranan pintiliyin və antigiyena şəraitinin qarşısını almır. Sakinlər hara gedirsə, deyirlər ki, pul yığın, adam göndərək", -deyə jurnalist vurğulayıb.

R.Əhmədzadə bələdiyyənin də ciddi maraqlanmadığını qeyd edib: "Bizdən əvvəlki, yəni qonşu küçənin adı da var - Zərifə Əliyeva küçəsi. Bələdiyyə binası əvvəl orda yerləşirdi və hazırkı bələdiyyə sədri Siyanfər Əliyev yalnız o küçənin görkəmi və şəraiti ilə maraqlanmışdı. Bir də 2 saylı orta məktəbə gedən yol asfaltlanıb. Qalan küçələr acınacaqlı vəziyyətdədir. Xüsusən də, bizim küçəmiz. Yolun o üzündə, dağ döşündəki evlərdən də kanalizasiya xətti bizim küçədən keçir, əslində bir neçə küçəyə eyni və dar bir xətt düşür. Az əvvəl sakinlər xəttən bir yığın daş çıxardılar. Bu cür qəza vəziyyətində yaşamağımıza rəğmən, yaxınlıqda çoxmərtəbəli binalar da tikilir. Yaxşı, əgər "Azərsu", "Azərqaz", "Azərenerji" və digər qurumlar həmin binaların tikilməsini gözləyirsə, müşdələyim ki, artıq vaxtdır, binalardan biri bitmək üzrədir. Gəlin xətləri yeniləyin, bu ərazini də yada salın!".

Şərhlər

Çox oxunanlar