Təhsil naziri əmr imzaladı
16.10.2015 15:08 Sosreaksiya 2298
Təhsil naziri Mikayıl Cabbarov müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə əmr imzalayıb.
Reaksioya.az APA-ya istinadən xəbər verir ki, əmrlə “Ümumi təhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması qaydaları” (əlavə olunur) təsdiq edilib.
Diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarmaqdır
Qaydalara görə, diaqnostik qiymətləndirilmənin məqsədi müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarmaqdır.
Diaqnostik qiymətləndirilmədə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində (ibtidai, ümumi orta və tam orta məktəblər, ümumtəhsil internat məktəbləri və istedadlı şagirdlər üçün məktəblər, gimnaziyalar, liseylər) və xüsusi tipli ümumi təhsil müəssisələrində (xüsusi məktəblər və xüsusi internat məktəbləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər və internat məktəbləri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müəssisələr, cəzaçəkmə müəssisələrindəki ümumtəhsil məktəbləri) əsas iş yeri olaraq əmək müqaviləsi əsasında işləyən müəllimlər, müəllim-defektoloqlar və gənclərin çağırışa qədərki hazırlıq rəhbərləri, Nazirliyin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqələrin nəticəsi olaraq ümumi təhsil müəssisələrinə iş yerini dəyişən və yeni işə qəbul olunan müəllimləri və iki və daha artıq fəndən tədris aparan müəllimlər öz seçimlərinə əsasən yalnız bir fənn üzrə diaqnostik qiymətləndirilmədə iştirak edə bilərlər.
Diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçiriləcək.
Diaqnostik qiymətləndirilmə test üsulu ilə həyata keçiriləcək
Diaqnostik qiymətləndirilmə ümumi təhsil müəssisələrinin tədris planlarında nəzərdə tutulan fənlər üzrə təşkil ediləcək.
Qiymətləndirilmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə ümumi olaraq 20 test tapşırığı verilir və hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək.
Namizədlərə test imtahanının yerinə yetirilməsi üçün 90 dəqiqə vaxt ayrılacaq.
Diaqnostik qiymətləndirilmə prosesinin gedişatı, sualların məzmunu və digər məsələlər ilə bağlı imtahan verən müəllimlərin müraciətlərinə qiymətləndirilmə başa çatdıqdan sonra bir həftə ərzində baxılır. Bunun üçün www.dq.edu.az saytına daxil olaraq elektron formada müraciət edilməlidir.
Diaqnostik qiymətləndirilmədə iştirak edib zəif nəticə göstərmiş müəllimlər, nəticələrini yaxşılaşdırmaq məqsədilə qiymətləndirilmədə yenidən iştirak etmək üçün müraciət edə bilərlər.
Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunacaqlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır.
Qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur
Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur.
Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər iş yerini qiymətləndirilmə həyata keçirilməyən şəhər və rayona dəyişərlərsə, Azərbaycan Respublikası Prezidentinin 16.01.2015-ci il tarixli 994 nömrəli Sərəncamının həmin müəllimlərə şamil edilməsi aidiyyəti şəhər və rayonda qiymətləndirilmə keçirildikdən sonra həyata keçirilir. Həmin müəllimlərə təkrar olaraq qiymətləndirilmədə iştirak etmək tələb olunmur.
Şərhlər