Qripdən necə qorunaq? - HƏKİM MƏSLƏHƏTİ
16.10.2015 15:59 Sosreaksiya 5511

Havaların kəskin dəyişməsi nəticəsində əhali arasında bir neçə xəstəliklər sürətlə yayılmağa başlayıb. O cümlədən də qrip virusuna yoluxanların sayı kifayət qədər təşkil edir. Çoxlarına adi və asan keçən xəstəlik kimi görünən qrip əslində bir çox fəsadlara yol aça bilər. Qrip ağırlaşdıqda və müalicə olunmadıqda el arasında vərəm, astma kimi bilinən ağır xəstəliklərlə belə nəticələnər. Onun üçün də qrip virusuna yoluxan kimi dərhal lazımi tədbirlər görülməlidir. Mütəxəssislər isə bildirirlər ki, ümumiyyətlə çalışmaq lazımdır ki, qripə yoluxma halları baş verməsin. Xüsusilə də hamilə analar, körpə uşaqlar, yaşlı insanlar bu xəstəlikdən qorunmalıdırlar. Bunun üçün də bir neçə profilaktik tədbirlər həyata keçirmək lazımdır.
11 saylı Hövsan Təcili Tibbi Yardım Stansiyasının həkimi Məzahim Bayramov qripdən qorunmağın yollarını, qripə yoluxduqda nələr etmək lazım olduğunu açıqlayıb.
Reaksiya.az həmin məsləhətləri təqdim edir.
1. Qripə yoluxmamaq üçün ilk növbədə bədənin müqavimətini artırmaq lazımdır. Mövsüm dəyişdiyinə görə bu məqsədlə vitaminlər qəbul etmək lazımdır. Qrip virusunu öldürmək üçün interferon tərkibli damcılardan, viferon şamlarından istifadə etmək lazımdır. Yadda saxlamaq lazımdır ki, qrip virusunu öldürən heç bir antibiotik yoxdur və qripə yoluxduqda hansısa antibiotikdən istifadə etmək məsləhət görülmür. Virus infeksiyası 3-4 gün davam edərək ağırlaşdığı zaman antibiotik təyin edilir.
2. Əhali özünü qorumaq üçün, həmçinin soyuqdan qorunmalı, xüsusilə geyimlərinə diqqət yetirməlidir. Mövsümə uyğun geyinmək lazımdır. Havaların yağışlı keçdiyini nəzərə alıb çətirlərdən istifadə olunmalıdır.
3. Qripdən qorunma və müalicə olunmaq üçün çoxlu miqdarda isti halda maye qəbul etmək, soyuq şirələrdən, içkilərdən uzaq durmaq lazımdır. Ev şəraitində hazırlanmış təbii mürəbbələrdən istifadə etmək daha məqsədə uyğundur.
4. Təmiz havada çox olmaq da qrip viruslarını məhv edir. Hava küləksiz və yağmursuz olduğu vaxtlarda havada çox olmağa çalışmaq lazımdır. Xüsusilə də hamilə analar bolluca oksigen qəbul etməlidir.
5. Dərs mövsünün olması ilə əlaqədar valideynlər qabaqlayıcı tədbirlər görməlidirlər. Sinifdə 20-25-dən çox uşağın olduğunu nəzərə alıb hər gün uşaqların burun ətraflarına “Oksalin” mazı çəkmək lazımdır. Bu uşaqları virusdan qoruyacaq. Həmçinin, uşaqlara hər gün bir həb vitamin c drajesi içirtmək məsləhətdir.
6. Uşaqlar, hamilə analar, ümumiyyətlə hər kəs tərkibində C vitamini olan mövsümi meyvələrdən də kifayət qədər qəbul etməlidir. Gündə azı bir dəfə, imkan daxilində, apelsin, portağal, naringi, qreyfrut, limon, alma, nar və heyva yeyilməsi məsləhətdir.
Şərhlər