"İnsanlar artıq buna alışıb" - Yay vaxtı ləğv edilir
19.10.2015 12:42 Sosreaksiya 2010
Xəbər verdiyimiz kimi, oktyabrın 25-də saat 5:00-da respublika ərazisində saatlar bir saat geri çəkilməklə yay vaxtı ləğv ediləcək.
Eksperlərin fikrincə, yay və qış vaxtına keçid insan sağlamlığına mənfi təsir göstərir.
Psixoloq Elnur Rüstəmov bu olayla bağlı öz fikirlərini Reaksiya.az-la bölüşüb.
O, insanların bu prosesə artıq alışdığını bildirib: “Azərbaycanda hər il yazda və payızda saatların irəli və geri çəkilmə prosesi baş verir. Bizim insanlar demək olar ki, buna psixloji cəhətdən hazırdırlar. Müsbət cəhətlərindən biri odur ki, hava daha gec qaralır, depressiyada olan insanların hava gec qaraldığına görə əhvalları yaxşı olur. Ancaq meteohəssas insanlar var ki, səhər tezdən oyanmaq onlara mənfi təsir göstərir, amma onlar da 5-6 gündən sonra adaptasiya olunaraq normal iş rejiminə düşürlər. Yay və qış vaxtının ləğv edilməsi uzun müddətdir ki, Azərbaycanda və bir çox ölkələrdə tətbiq edilir və zənnimcə, bunun heç bir problemi olmur. İnsanlar artıq buna alışıblar. Bu baxımdan onun qalması məsləhətdir”.
Qeyd edək ki, Azərbaycanda bu proses Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 1997-ci il 17 mart tarixli qərarına əsasən tətbiq olunur.
Qərara əsasən, hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir, oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv olunur.
Son məlumatlara görə, dünyada 30-dan artıq ölkədə isə yay-qış rejiminə keçid dayandırılıb.
Həmin ölkələr siyahısına Rusiya, İran, Gürcüstan, həmçinin, Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virciniya adaları, Sinqapur, Estoniya və Ukrayna da daxildir.
Şərhlər