Avtobuslar üçün xüsusi hərəkət zolağı çəkiləcək - Bakıda

19.10.2015 12:54     Sosreaksiya     2055

Yaxın günlərdə Bakı şəhərində müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinə başlanılacaq.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, bu barədə məlumat “Azəryolservis” ASC-nin Mətbuat katibliyindən verilib.

Məlumata görə, işlər aidiyyatı qurumlarla, Bakı Şəhər İcra Hakimiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi ilə razılaşdırılmış şəkildə aparılacaq.

Xüsusi hərəkət zolaqlarının çəkilişi işlərinin yolun hərəkət hissəsi 3 və daha çox zolaqlardan ibarət olan yollarda aparılması nəzərdə tutulub. Bunun üçün ilkin olaraq 6 avtomobil yolu seçilib. Bu Bibiheybət yolu, Nobel prospekti, Yusif Səfərov, Salatın Əsgərova, Rəşid Behbudov və Əhməd Rəcəbli küçələridir. Hələlik sınaq məqsədi ilə adı çəkilən yollardan 4-də işlər həyata keçiriləcək. Bu istiqamətdə atılan addımlar özünü doğrultsa işlərin digər bu kimi küçə və prospektlərdə də aparılması planlaşdırılır.

Sınaq məqsədi ilə xüsusi zolaqların çəkilişi Bibiheybət məscidindən Bakı Su İdman Sarayına qədər olan yolda, Yusif Səfərov küçəsinin hər iki istiqaməti üzrə, daha dəqiqi Xocalı prospekti ilə kəsişmədən Babək prospekti ilə kəsişməyədək və Baş Polis İdarəsinin binasının önündən Mehdi Mehdizadə küçəsi ilə kəsişməyədək olan hissələrdə, bundan başqa Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi ilə kəsişməsindən Azadlıq prospektinin kəsişməsinədək olan hissəsində, həmçinin Rəşid Behbudov küçəsinin Zərifə Əliyeva və Bakıxanov küçələrinin kəsişmələri arasında olan hissəsində aparılacaq.

Qeyd edək ki, Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən “Azəryolservis” ASC və digər aidiyyatı qurumlar tərəfindən ümumilikdə 50-ə yaxın küçə və prospektlərdə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtobusların və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi hərəkət zolaqlarının çəkilişi ilə bağlı təkliflər hazırlanaraq, komissiyaya təqdim olunub.

Şərhlər