Çindən ABŞ-a hücumlar davam edir
19.10.2015 17:56 Sosreaksiya 2200
Kaliforniyada kiber təhlükəsizlik şirkəti Crowdstrike iki ölkə arasında ötən ay əldə edilən razılaşmaya baxmayaraq Çinli kompüter piratlarının ABŞ şirkətlərinə kiber hücumunun davam etdiyini bildirib.
Reaksiya.az xəbər verir ki, bu haqda məlumat şirkətin hesabatında yer alıb.
Məlumata görə, son 3 həftə ərzində Amerika texnologiya və dərman şirkətlərinə Çindən 7 dəfə kiber hücumu edilib.
Hesabatda deyilir ki, kiber hücumları milli təhlükəsizliklə bağlı kəşfiyyat toplama məqsədi üçün həyata keçirilməyib, sadəcə mülkiyyət və kommersiya sirlərini açmağa xidmət edib.
FBI və ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş işçilərini işlə təmin edən Crowdstrike, müştəri məxfiliyini irəli sürərək hansı şirkətlərin kiber hücumların hədəfə çevrildiyini açıqlamayıb.
Şirkətin təsisçilərindən Dmitri Alperoviç bildirib ki, iki ölkənin 25 sentyabrda iqtisadi xarakterli kiber casusluğunun sona çatdırılması məsələsində razılığa gəlinməsinə baxmayaraq Çinin kiber hücumları davam edib.
Alperoviç məsələ ilə bağlı bir bloq yazısında "Hücumların illərdir təqib etdiyimiz Deep Panda da daxil olmaqla müxtəlif Çinli kiber təcavüzkarlardan gəldiyinə əminik" ifadəsini işlədib.
Obamaya yaxın bir rəsmi şəxs isə Ağ Evin kiber casusluq cəhdlərindən xəbərdar olduğunu vurğulayıb, ancaq mövzu ilə bağlı heç bir şərh verməyib.
Şərhlər