"İşığınız gur yansın" - “Azərişıq”dan bayram təbriki

20.10.2015 11:06     Sosreaksiya     2011

Dünyada demək olar ki, bütün peşələrin xüsusi günü qeyd edilir. Hansısa sahə üçün əlamətdar olan bir gün o peşənin günü kimi tarixə yazılır və bütün dünyada həmin gün müxtəlif formalarda bayram edilir. Ancaq bəzi peşələr var ki, həmin peşənin günü məhz bizim öz ölkəmizdə keçirilir, yəni həmin gün məhz bizim özümüzə məxsusdur. Belə günlərdən biri də Energetiklər Günüdür.

2004-cü ildən oktyabr ayının 20-si ölkəmizdə energetiklər öz peşə bayramlarını qeyd edirlər. Bu, ölkə prezidenti İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli sərəncamına əsaslanır.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Reaksiya.az-a açıqlamasında bu gün münasibəti ilə bütün energetikləri təbrik edib: 

"Azərişıq" olaraq ilk dəfə energetiklər peşə bayramını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Bildiyiniz kimi 7 region yaratmışıq və hər regionda irimiqyaslı yenidənqurma işləri aparırıq. Qarşıdan payız, qış mövsümünün gəlməsi bizi qorxutmur. Qışa tam hazırıq və bu işləri hava şəraitinin imkan verdiyi təqdirdə çalışacağıq ki, bütün köhnəlmiş dayaqlar, xətlər yenilənsin. Son yeddi ay ərzində yüz minə yaxın dayaq dəyişdirilib. 700 ədəd transformator quraşdırılıb, ilin sonuna qədər də daha 700-ü quraşdırılacaq. Uçot sistemi, sayğaclaşdırma işləri hər bir rayonda nəzərəçarpacaq dərəcədə həyata keçirilir. Fürsətdən istifadə edib rəhbərlik adından bütün energetikləri təbrik edir, hər kəsə can sağlığı və işıqlı gələcək arzulayırıq. İşığınız gur yansın”.

Qeyd edək ki, son illər ərzində respublikamızın energetika sahəsində köklü yeniliklər edilib, energetika kompleksinin, enerji sisteminin inkişafı sahəsində misilsiz quruculuq işləri görülüb.

Şərhlər