4 mərhələdən adlayıb gələn əlifba

20.10.2015 12:09     Sosreaksiya     8476

Azərbaycan xalqının qədim tarixi ilə yanaşı ta keçmişə dayanan mədəniyyəti, incəsənəti, zəngin təbiəti, maddi və mənəvi sərvətləri, özünəməxsus dəyərləri mövcud olub. Deyərdik ki, bu zənginliklərin lap başında xalqımızın ən qiymətli sərvəti olan büllur bulaq kimi aydın və səlis Azərbaycan dili dayanır.

Təəssüflər olsun ki, Azərbaycanın zəngin torpaqları kimi zəngin dili də hər zaman düşmən gözü çıxaran olub. Müəyyən qara qüvvələr tərəfindən torpaqlarımız talan olunduğu kimi, tarixi kimliyimiz olan dilimiz də zaman-zaman “hücumlara” məruz qalıb.

İndi danışdığımız, istifadə etdiyimiz Azərbaycan dili, yazdığımız Latın qrafikalı Azərbaycan əlifbası nə az, nə çox düz dörd mərhələdən adlayaraq bu günümüzə qədər gəlib çıxıb.

İlk mərhələdə, yəni 1923-cü ilə qədər ölkəmizdə ərəb əlifbasından istifadə olunub. 1923-cü ilin 20 oktyabrında isə Azərbaycanda rəsmi olaraq latın qrafikalı əlifbaya keçilib. İlk Azərbaycan əlifbası isə 1929-cu ildə tətbiq olunub. Həmin əlifbada 6-sı sait, 19-u samit olan 25 hərf vardı.

Lakin çox keçmədən o zamankı SSRİ rəhbəri Stalin tərəfindən Azərbaycan əlifbasının istifadəsinə rəsmən qadağan qoyulur. 1939-cu ilin 15 oktyabrında latın əsaslı Azərbaycan əlifbası kiril əsaslı əlifba ilə əvəz edilir. 1940-cı ildən 1990-cı ilə qədər Azərbaycan xalqı kiril əlifbasından istifadə edir.

Azərbaycanlıların kiril əlifbasına zorla keçirilməsi o vaxtkı SSRİ-nin gizli planının bir tərkib hissəsi idi. Və bunun da gizli fonunda bir türk düşmənçiliyi dayanırdı. Planın əsas məqsədi Azərbaycanı Türkiyədən, ümumiyyətlə türk xalqlarından uzaqlaşdırmaq idi. Bunun ilk bariz sübutu olaraq 1956-cı ildə Azərbaycanın 1937-ci ildə qəbul olunmuş Konstitusiyasına edilmiş “Azərbaycanın dövlət dili Azərbaycan dilidir” dəyişikliyi idi. SSRİ rəhbərliyi düşünürdü ki, Türk dili kəliməsini ləğv etməklə, kiril əlifbasına keçməklə türk dilləri arasında fərqləri süni sürətdə dərinləşdirməyə nail olacaqlar.

Ancaq sevindirici hal o olur ki, bu “layihə” uzun müddət davam etsə belə, nəhayət ki, 1990-cı ildə dağılır. Azərbaycan xalqı SSRİ-nin süqutu ilə yenidən öz əlifbasına qovuşur. 1990-cı ilin 11 sentyabrında latın qarfikasının yenidən bərpa edilməsi məqsədilə Əlifba Komissiyası yaradılır. Çox keçmədən 1991-ci ilin 25 dekabrında Azərbaycan parlamenti komissiyanın hazırladığı layihəni təsdiq edir və həmin gündən ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasından istifadə olunmağa başlanılır.

Umummilli lider Heydər Əliyevin 2001-ci ilin 18 iyunda imzaladığı fərmana əsasən isə həmin tarixdən Azərbaycanda bütünlükdə latın əlifbasından istifadə olunur. 

Şərhlər