İlhamə Quliyeva MTN-lə bağlı daha bir faktı açıqladı - "Bu qurumun Amil adında əməkdaşı da işin içindədir"
20.10.2015 12:57 Sosreaksiya 4775
Xəbər verildiyi kimi, xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynova (Bəylərqızı) saxlanılıb.
Xalq artisti Reaksiya.az-a açıqlamasında bu faktı təsdiqləyib.
O, köməkçisinin onun həyatına sui-qəsd hazırladığını bildirib: “Köməkçim Bakı Şəhər Baş Polis İdarəsinin təcridxanasındadır. O, malımı mənimsəmək istiyib, oğurluq edib, məni dərmanlarla, həblərlə, paraşoklarla zəhərləməyə çalışıb. Mənə huşumu itirməyim üçün dərmanlar verib, amma huşum yerindədir. Amma o, huşumun 15 yaşındakı qızın huşu kimi açıq olduğunu deyib, ona görə huşumu əlimdən almaq istəyib. Damarıma iynə vuraraq mənə sui-qəsd etmək istəyib. Təkcə oğurluq, quldurluq etməyib, həmçinin mənim adımdan saxta vəsiyyətnamə də düzəltdirib”.
Xalq artisti bütün dediklərinin fakta əsaslandığını qeyd edib: “Vəsiyyətnamə polisdə var, onun bütün danışıqlarının səs yazısı var və məhkəməyə veriləcək. Mən onun haqda heç bir sözü elə belə demirəm. Hamısı sübuta əsaslanıb, yalandan, palandan heç nə yoxdur. O, mənim evimdən böyük məbləğdə pul, zinət əşyalarımı, xəz dəri kürkümü oğurlayıb. Vəsiyyətnamə də aidiyyatı qurumlardadır”.
İ. Quliyeva köməkçisinin bu işdə tək olmadığını da söyləyib: “Bu iş üçün mən çox ciddi müraciət etmişəm, arada onu buraxmışdılar. Mən onu kimin buraxdırdığını bilmək istəyirəm. Bu zəncirvari prosesdir və təkcə Hüseynova Mehriban Bəylər qızının işi deyil. İşin içində onun əri Tofiq də var. Tofiq dünən mənə zəng vurub yalvarıb, bağışlamağımı istəyib, özü cəza verəcəyini bildirib. Mən də ona cavab olaraq dedim ki, Tofiq sən kimsən, bir işin sahibi belə deyilsən. Danışıqlarımızın hamısının səs yazıları da var. O alfonsdur. Arvadı onu saxladığını deyirdi”.
Xalq artisti köməkçisinin özünü MTN nümayəndəsi kimi təqdim etdiyini də deyib: “Mehribanın Xatirə adında rəfiqəsi, MTN-nin Amil adında əməkdaşı da işin içindədir. O vaxtaşırı MTN-nin qabağına gedib, Amilin agenti olub, Amil ona 50 manatdan, 100 manatdan verib. Özü də tez-tez MTN-nin nümayəndəsi olduğunu, elə-belə adam olmadığını, bu işi də MTN-nin göstərişilə etdiyini deyirdi. Bunun da şahidi var, lent yazısı var”.
Şərhlər