Bahar Muradova Bakıda seçiciləri ilə görüşdü - FOTOLAR
21.10.2015 10:27 Sosreaksiya 2505
Bir neçə gün öncə 84 saylı Füzuli seçki dairəsindən YAP-nın deputatlığa namizədi, Milli Məclisin sədr müavini, YAP-nın İdarə Heyətinin üzvü Bahar Muradova ilə Füzuli rayonunun Bakı şəhərində məskunlaşmış seçiciləri ilə görüş keçirilib.
Reaksiya.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Füzuli rayon təşkilatının sədri, deputatlığa namizəd Bahar Muradovanın səlahiyyətli nümayəndəsi Almaz Həşimova tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin başlanması ilə açıq elan edib.
Daha sonra Bahar Muradovanın həyat və fəaliyyəti haqqında geniş məlumat verən Almaz xanım son 5 ildə Bahar Muradova tərəfindən istər ölkə daxili istərsə də ölkə xarici gördüyü işlərdən danışaraq görüş iştirakçılarına məlumat verib. YAP-nın deputatlığa namizədi Bahar Muradovanın vəkilləri seçicilərə təqdim olunduqdan sonra vəkillərin seçicilər qarşısında çıxışları başlandı. Çıxış edən vəkillər hər kəsi seçkidə fəal olmağa və YAP-nın namizədlərinə səs verərək növbəti 5 il də də yenidən Heydər Əliyev yolunu birlikdə addımlamağa dəvət edib.
Tədbirdə 400 dən artıq Füzuli sakini iştirak edib. Füzuli rayonundan olan gənc mütəxəssis Sevinc Abbasova çıxış edərək rayonda məcburi köçkünlərlə görülən sosial məsələlərin həll olunmasında göstərdiyi dəstək və qayğıya görə Bahar xanıma təşəkkürlərini bildirib. Füzuli sakini olan Svetlana Məmmədova Bahar xanımın ölkə xaricində beynəlxalq tribunalarda olan çıxışlarını izləyərkən necə fərəh hissi keçirdiyini tədbir iştirakçılarına anladıb. Bütün tədbir iştirakçılarını Bahar xanıma səs verməyə çağıran Svetlana xanım növbəti 5 il ərzində də Bahar xanımın onları parlamentdə təmsil etməsini və haqq səslərini dünyaya çatdırılmasında əvəzsiz xidmətlərini əsirgəməməyi xahiş edib. İqtisad elmləri namizədi Vüqar Bayramov ölkənin əvvəlki böhranlı çətin vəziyyətindən bəhs edərək sonralar məhz Heydər Əliyevin və hal hazırda uğurlu davamçısı İlham Əliyevin siyasi iradəsi nəticəsində bu gün uğurla inkişaf edən müasir Azərbaycan modelindən danışıb.
Daha sonra çıxış edən Gülnaz Məmmədova, Rizvan Qarabağlı da namizədi yekdilli və birmənalı şəkildə dəstəklədiklərini bəyan edərək ona fəaliyyətində və qarşıdan gələn şərəfli, həmçinin məsuliyyətli bir seçki sınağında müvəffəqiyyətlər arzuladılar. Daha sonra çıxış edən Bahar Muradova öz seçicilərinə bu səmimi sözlərə və isti münasibətlərinə görə təşəkkürünü bildirib. Hər kəsi Ulu öndər Heydər Əliyev ideyalarına, onun qurduğu siyasi xətt olan YAP-na və hal hazırda bu siyasəti uğurla davam etdirən ölkə başcısı cənab prezident İlham Əliyevin siyasətinə dəstək olmağa və onun ətrafında sıx birləşməyə dəvət edən Bahar Muradova tezliklə Dağlıq Qarabağ münaqişəsinin də Azərbaycan xalqının mənafeyinə uyğun şəkildə həll olunacağına əminliyini qeyd edib. Bahar Muradova hər birimizi birləşdirən tək mövqenin vətəndaşlıq mövqeyi olduğunu bildirərək hər kəsi ulu öndərin yolu və izi ilə addımlamağa səsləyib.
Şərhlər