“Əlitəsbehli şeytanları din adına məclislərinizə çağırmayın” - TƏNQİDÇİ

21.10.2015 11:31     Sosreaksiya     1935

“Biz zahirən, forma baxımından irəlidə olsaq da düşüncə və mənəvi -psixoloji baxımdan cahil olaraq qalmaqdayıq”.

Bu sözləri tənqidçi İradə xanım Musayeva sosial şəbəkədə paylaşıb. İ.Musayevanın bu dəfəki tənqid obyekti ölkəmizdə keçirilən yas məclisləri olub.

Qeyd edək ki, bir zamanlar təmtəraqı, dəbdəbəsi, zəngin və dəyərli adət-ənənələri ilə seçilən və maraqla qarşılanan Azərbaycan toylarından indi əsər, əlamət belə qalmayıb. Həmçinin də hüzür məclislərimiz eybəcər hala salınıb.

İradə xanım indiki hüzür məclislərinin bütün təfərrüatlarını açıqlayıb və haqlı da olaraq tənqid edib: “Cəhalət az inkişaf etmiş, elmsiz, üçüncü dünya ölkələri qrupuna daxil olan cəmiyyətlərə aid xüsusiyyətdir. Biz zahirən, (geyim, bahalı maşınlar, dəbdəbəli evlər və s. ) forma baxımından irəlidə olsaq da düşüncə və mənəvi -psixoloji baxımdan cahil olaraq qalmaqdayıq. Məişət həyatımızla bağlı iki misal çəkim. Biri toylarımızdır, biri də vaylarımız. Toy işinin eybəcər nüanslarından danışmağa başlasaq söhbət uzun çəkər. Ona görə də vay məsələsindən bir neçə kəlmə... Bu gün yas mərasimlərinə molla adıyla gələn kişiləri də qoyuram bir kənara. Baxmayaraq ki, onların da 90 faizi keçmiş tüfeylilər, sərxoşluqla məşğul olan savadsız insanlardan ibarətdir ki, bu gün insanlar öz ölülərinə hörmətsizlik edərək onları təntənəli şəkildə başa keçirib onlara səlahiyyət verirlər ki, mərhumu onun yalan-yalnış moizəsi ilə yola salsınlar...”

Tənqidçi, həmçinin yas məclislərinə aparılan “qadın mollalar”dan da yazıb: “Ondan da eybəcər vəziyyət "qadın mollaları" dediyimiz digər tüfeyli və zərərli insanlarla bağlıdır. Bu yaxınlarda Qəbələ və Oğuz tərəflərdə bu qəbildən olan bir neçə insanla söhbətimiz oldu. Heyrətə gəldim... Məlum oldu ki, insanların pul və xahişlə əzizlərinin cənazəsi üstünə gətirdiyi bu qadınlar cavanlığında əxlaqına, savadsızlığına və fırıldaqçılığına görə qınaq obyekti olan insanlardır. Onların içərisində hətta kisəçilər, semiçkasatanlar, psixoloji durumu normal olmayanlar da var. Əlbəttə tövbə varsa nə cavanlıq səhvləri, nə də kisəçi və s bu kimi peşələr istehza yeri deyil. Amma bir şərtlə: Molla - üləma-alim adını üstünə götürüb sənət, peşə sahibi kimi fəaliyyət göstərən bu qadınlar Qurani-Kərimdən və onun surələrindən, ayələrindən xəbərdardırsa... çirkli, halva və qoğal yağına bulaşmış kağızlardan mənasını bilmədiyi sözləri üzünə oxuyub camaatın başını qatmaqla məşğul deyilsə və s. Lobya və noxudla fala baxan, insanların hüznlü zamanındakı başitirməsindən sui-istifadə edən əlitəsbehli şeytanları din adına məclislərinizə çağırmayın və onların sizi bu şəkildə təhqir etməsinə imkan verməyin”.

İradə Musayeva tənqid etməklə yanaşı problemin həlli yollarını da açıqlayıb: “Dini ayinləri layiqincə icra etmək üçün özümüz maariflənməliyik və yaxınlarımız-doğmalarımızla vidalaşmada Allahın buyurduğu qaydada hərəkət etməliyik. Rayonlarımızda aidiyyatı təşkilatlar bu eybəcərliyin aradan qalxmasına şərait yaratmalıdır. Bakı məsçidlərində də dəfələrlə belə üzdəniraq "qadın mollaları" ilə rastlaşmışam və çox kədərlənmişəm... Mən bu barədə bəzi televiziya kanallarında da çıxış etmişəm, amma yenə lazım bildim bu bir-iki kəlməni yazmağı... Yazıq Mirzə Cəlil... Danabaş kəndinin əhvalatları bitmək bilmir, dostlar...”

Şərhlər