“Qoy Qarabağ həqiqətlərini öz gözlərilə görsünlər”

21.10.2015 17:14     Sosreaksiya     1961

“Xarici jurnalistlərlə görüşdə ilk öncə Beynəlxalq Avrasiya Mətbuat Fondunun yaradılması tarixindən söz açdım. Bildirdim ki, 1992-ci ildə Azərbaycan informasiya blokadasına alınmışdı, ölkəmizdə, xüsusilə Dağlıq Qarabağda baş verənlər dezinformasiya şəklində xaricə ötürülürdü və bu baxımdan BAMF-ın yaradılması zərurəti meydana gəldi”.

Reaksiya.az xəbər verir ki, bu sözləri Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu Avropanın 7 ölkəsini (İtaliya, Almaniya, Macarıstan, Böyük Britaniya, Latviya, Litva, Hollandiya və İsrail) təmsil edən bir qrup xarici jurnalistlə görüşdən sonra deyib.

Umud Rəhimoğlu BAMF-ın yaradılmasında o vaxtlar xarici jurnalistlərin də əməyinin böyük olduğunu gizlətməyib:

“Bugünkü görüşdə isə 1989-cu illərdə Dağlıq Qarabağ probleminin rəsmi Moskva tərəfindən yaradıldığını və Qərbi Azərbaycandan 300 minə yaxın eloğlumuzun qaçqın düşdüyünü bildirdim. Təşkilatımızın xarici jurnalistləri qəbul etməkdə və yola salmaqda böyük təcrübəsi olduğundan yenə də çalışdıq ki, onlar Azərbaycanın ağrılı problemi olan Qarabağ həqiqətlərini öz gözlərilə görsünlər və qayıdanda çalışdıqları media orqanlarında obyektiv xəbər yaysınlar. Avropanın 7 ölkəsindən gələn media nümayəndələrini Azərbaycanda baş verən bugünkü hadisələr, xüsusilə Dağlıq Qarabağ probleminin necə həll ediləcəyi çox maraqlandırır. Onlar da təmsil olunduqları ölkələrinin vətəndaşları kimi istəyir ki, Azərbaycanda sülh olsun, insanlar əmin-amanlıq şəraitində yaşasın”.

Qeyd edək ki, "İrəli" ictimai birliyinin layihəsi əsasında reallaşan bu səfərdə əsas məqsəd dondurulmuş münaqişələr, münaqişələrin region ölkələrinə təsiri, Qarabağın Azərbaycanın ictimai-siyasi, sosial həyatında önəmli rolu, münaqişələrin həllində qarşılıqlı əməkdaşlıq perspektivləri, eləcə də həll yolları ilə bağlı fikir mübadiləsi aparmaq, vətəndaş cəmiyyəti strukturlarının fəaliyyəti ilə tanış olmaqdır.

Şərhlər