Bu nəşrlər Mətbuat Şurasına üzv oldu
21.10.2015 17:48 Sosreaksiya 1841
Bu gün Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
Reaksiya.az xəbər verir ki, bu barədə məlumat Məşbuat Şurasının saytında yer alıb.
MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli toplantını açaraq müzakirəsi tövsiyə olunan məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyulub və yekdilliklə təsdiqlənib.
Öncə Mətbuat Şurası sıralarına yeni üzvlər qəbul olunub. İH üzvləri müzakirələrdən sonra bir sıra kütləvi informasiya vasitələrinin MŞ sıralarına qəbulu barədə qərarlar qəbul ediblər. «Qarabağa aparan yol», «Kənd həyatı», «Respublika gəncləri» qəzetləri, «Təhsil», «Azeri Defence», «Milli zəka» jurnalları qurumun yeni üzvləri olublar. Bu sırada daha beş bölgə qəzeti də təmsil olunacaq. Bunlar Tovuzun, Mingəçevirin, Şuşanın eyni adlı mətbu nəşrləri, «Yeni Gəncə» və «Gündoğar» qəzetidir (Neftçala rayonu).
Yeni üzvlər sırasında «Azərbaycan Jurnalistlər Şəbəkəsi» İctimai Birliyi də var.
Mətbuat Şurasına onlayn media vasitələrinin qəbulu diskussiyalarla müşahidə olunub. Belə ki, «Xeberler.az», «Gün.az», «Avrasiya.net», «Azxeber.com», «Olke.az», « İstiqlal.az», «Azpolitika.info», «Aktual.az» saytları da MŞ-nin yeni üzvləri olublar. «Yenilik.az» və «Yenicag.az» saytları isə bu KİV-lərin MŞ tərəfindən iki aylıq monitoringinin aparması şərti ilə Şuraya üzv qəbul ediliblər.
İclasda təklif edilib ki, MŞ-yə üzv olmaq istəyən onlayn media vasitələri üçün tələblər bir qədər də təkmilləşdirilməlidir. Belə ki, ərizə ilə müraciət edən hər bir KİV-in monitorinqi aparılmalı və monitorinq qrupunun da rəyindən sonra sənədlər İdarə Heyətinin müzakirəsinə çıxarılmalıdır.
İclasda Azərbaycan Mətbuat Şurasının Şikayətlər və Komissiyasının rəyləri əsasında MŞ-nin qərarları da qəbul olunub. «Şəfəqə doğru», «Demokratik dövlət» qəzetlərinə, «Vətənim Azərbaycan» jurnalına və «Qafqaznews. az» saytına etik prinsiplərin tələblərinə sayğısızlıq göstərdiklərinə görə Mətbuat Şurasının xəbərdarlığı edilib.
Şərhlər