"Dövlət sirri" haqqında qanuna dəyişiklik edilib

22.10.2015 04:16     Sosreaksiya     1355

Nazirlər Kabineti “Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısının təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.

Reaksiya.az-ın məlumatına görə, dəyişiklik Azərbaycan prezidentinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanunun qüvvəyə minməsi ilə əlaqədar  20 iyun 2014-cü il tarixli fərmanı ilə əlaqədardır. 

Qanuna edilən dəyişikliyə əsasən vəzifəli şəxsi və ya vətəndaşı dövlət sirri ilə işləməyə buraxmaqdan imtina edilməsi üçün əsaslar sırasına daxil olan müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahıya uyğun olaraq, dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərinin olması barədə 23.1.2-ci maddə eyni məzmunlu 23.1.4-cü maddə ilə əvəzlənib.  Buna uyğun olaraq Nazirlər Kabineti dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin siyahısını “Dövlət sirri haqqında” qanunun 23.1.2-ci maddəsinə deyil, artıq 23.1.4-cü maddəsinə əsasən təsdiqləyəcək.

Xatırladaq ki, “Dövlət sirri təşkil edən məlumatlarla işləməyi istisna edən xəstəliklərin Siyahısı”na  üzvi, o cümlədən simptomatik psixi pozuntular, şizofreniya, şizotip və sayıqlamalar, əhval-ruhiyyənin (affektiv) pozuntuları, təşviş, qorxu (fobiyalar), digər təşvişli pozuntular, obsessiv — kompulsiv pozuntular, dissosiativ (konversion) pozuntular, doğuşdan sonrakı psixoz, yetkin yaşlarda kamil şəxsiyyət və davranış pozuntuları, kəmağıllıq,  psixoloji inkişafın pozuntuları, adətən uşaq və yeniyetmə yaşlarında başlayan davranış və emosiya pozuntuları, alkoqol və opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları, kannabinoidlərin, sedativ və yuxugətirici maddələrin, koakinin,  kofein daxil olmaqla digər stimulyatorların, uçucu həlledicilərin qəbulu və tütündən istifadə nəticəsində psixi və davranış pozuntuları, hallüsinogenlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları və narkotiklərdən və digər psixoaktiv maddələrdən birlikdə istifadə nəticəsində psixi və davranış pozuntuları daxildir.

Şərhlər