FHN-in səlahiyyətləri artırıldı

22.10.2015 11:00     Sosreaksiya     2996

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə yeni səlahiyyət verilib.

Reaksiya.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetindən verilib.

Məlumata görə, “İçərişəhər”Dövlət Tarix Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında Əsasnamə”də dəyişiklik edilib. Bu dəyişikliyə əsasən, bufer zonada tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, Nazirliyin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul ediləcək.

Nazirlər Kabineti həm də “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun xüsusi rejimi haqqında Əsasnamə”də dəyişikliklər edib.

Bu dəyişikliklərə uyğun olaraq, qoruq ərazisində inşaat və digər təsərrüfat işləri həyata keçirilərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə İdarəyə və Azərbaycan Milli Elmlər Akademiyası ilə yanaşı, yerli icra hakimiyyəti orqanına da məlumat verilməlidir.

Bu zaman tikinti işlərinin davam etdirilməsi barədə qərar Azərbaycan Milli Elmlər Akademiyasının və mütəxəssislərin rəyi əsasında, idarənin razılığı ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən qəbul ediləcək.

Şərhlər