"Uzun müddətdir bu fərmanları gözləyirdik" - QHT rəhbərləri
22.10.2015 15:45 Sosreaksiya 1948
Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev QHT-lərlə bağlı iki fərman verib.
İlk fərman “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında oldu. Ölkə başçısının bu fərmanı ilə QHT-lərə Dövlət Dəstəyi Şurasının səlahiyyətləri artırıldı.
Prezident, həmçinin Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların siyahısının təsdiq edilməsi haqqında da fərman imzaladı. Bu fərmana əsasən hüquqi şəxs statusuna malik olan, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumlar (fondlar, mərkəzlər və digər qurumlar) “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 4-cü hissəsinə əsasən fəaliyyət sahələrinə uyğun olaraq qrant verə bilərlər.
Reaksiya.az ölkə başçısının bu fərmanlarını QHT rəhbərlərinin necə qarşıladığını, fəaliyyətlərinə necə təsir edəcəyini araşdırıb.
Sorğuda bir neçə QHT rəhbəri iştirak edib.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bu fərmanları uzun müddətdir ki, gözlədiklərini söyləyib:
“İmzalanmış fərmanlar QHT fəaliyyətinin genişlənməsi və daha da təkmilləşməsinə xidmət edəcək. Bəzi insanlar hesab edir ki, baş verən yoxlamalar çox gərəksiz idi. Düşünürəm ki, hər kəs gördüyü işin hesabatını verməli, ictimaiyyəti daima məlumatlandırmalıdır. Təəssüf ki, bəzən QHT-lər bu qaydalara riayət etmirdi. Bu baxımdan baş vermiş hadisələr QHT-lərin öz məsuliyyət və öhdəliyinə fərqli yanaşmasını xatırlatdı. İkinci məsələ fərmanların effektivliyidir. Artıq dünəndən KİV-lərdə müzakirə gedir ki, QHT-lərin hesabına qoyulmuş həbslər götürülür. Fərmanda QHT-lərə işin təkmilləşdirilməsi ilə bağlı 5 ay vaxt verilib. Bu vaxt ərzində QHT-lərin fəaliyyət mexanizmində mürəkkəbliyin sadələşmə ilə əvəzlənəcəyini düşünürəm. Eyni zamanda əsas məsələ donorların formalaşmasıdır. Bu, həm milli donorun, eyni zamanda xarici donorlarla işin sadələşməsinə gətirib çıxaracaq. Çünki artıq bu məsələdə Şuranın iştirakı kifayət qədər imkan verəcək ki, təklifləri obyektiv və şəffaf tənzimləsin”.
"Ortaq Dəyərlər" İctimai Birliyinin rəhbəri Aqil Camal da digər həmkarı kimi Prezidentin bu fərmanlarının QHT-lər üçün çox əhəmiyyətli olduğunu vurğulayıb:
“Deyə bilərəm ki, imzalanan fərmanların hər biri bütövlükdə ictimai sektorun dəstəklənməsinə, onun Azərbaycan cəmiyyətində rolunun artırılmasına hesablanmış fərmanlardır. Mən bunlardan, xüsusilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında” fərmanı qeyd etmək istəyirəm. Bilirsiniz ki, bir sıra dövlət qurumları - nazirliklər, komitələr bəzən öz sahələrinə aid mövzularda müsabiqə elan edirlər. Yaxud, heç müsabiqə elan etmədən, fərdi qaydada hansısa QHT dövlət qurumundan qrant alır. Bu qrantların verilməsində də, açığı qrantı qazanan QHT-nin həmin dövlət qurumunun profilinə uyğun olub-olmaması, yaxud, professionallığı deyil, daha çox şəxsi münasibətlər, tanışlıq əsas götürülür. Bu isə dövlətin QHT-lərlə, ümumiyyətlə, üçüncü sektorla münasibətlərini tənzimləyən konsepsiyaya uyğun deyil. Bəllidir ki, dövlətin ictimai sektorla münasibətləri, dövlətin bu sahədə siyasəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası vasitəsilə tənzimlənir. Bu mənada, indi verilmiş prezident fərmanı bu sahədə özünü göstərən belə deyək, “özfəaliyyəti” aradan qaldırmaq, ayrı-ayrı qurumların qrant təşəbbüslərini müvafiq dövlət konsepsiyasına uyğunlaşdırmaq baxımından çox əhəmiyyətlidir. Digər tərəfdən, hesab edirəm ki, bu fərman Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, onun işinə göstərilən yüksək etimaddır. Ümid edirəm ki, Şura indiyədək olduğu kimi, bu fərmandan irəli gələn vəzifələri də layiqincə həyata keçirəcək”.
Şərhlər