Millət vəkili minaya düşmüş sakini ziyarət etdi - FOTOLAR
22.10.2015 16:10 Sosreaksiya 1849
Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə minaya düşmüş sakini ziyarət edib və ön cəbhədə yaşayan sakinlərlə görüşüb.
Reaksiya.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Tovuz Rayon Mərkəzi Xəstəxanasında gecə örüşdən geri qayıtmayan iri buynuzlu heyvanlarını axtarmağa gedərək çöllük ərazidə minaya düşən Ağbulaq kənd sakini Elvin Qafarovu ziyarət edib. Əməliyyat olunmuş Elvin Qafarovun müalicəsinin gedişi ilə bağlı məlumat alan millət vəkili Qənirə Paşayeva yaralı ilə də söhbət edib, vəziyyəti ilə maraqlanıb və ona şəfa diləyib. Xəstənin ailə üzvləri ilə də geniş söhbət edən millət vəkili Qənirə Paşayeva onların qayğıları ilə maraqlanıb.
Millət vəkili Qənirə Paşayeva Tovuzun Ermənistanla ön cəbhədə yerləşən kənd sakinlərini də ziyarət edib, onların qayğıları ilə maraqlanıb, geniş fikir mübadiləsi aparıb. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin hər zaman ön cəbhə kəndlərinə böyük diqqət göstərdiyini deyən Qənirə Paşayeva ön cəbhədə yaşayan insanların məsələlərinə hər zaman bir millət vəkili kimi çox həssas yanaşdığını, onların təklif və problemlərini daimi olaraq müvafiq qurumlarla müzakirə edərək həllinə çalışdığını deyib. Sizin kimi ön cəbhədə yaşayan qəhrəman insanlarımızla tez-tez görüşmək, qayğı və problemlərini dinləmək, onların həllinə çalışmaq mənim bir millət vəkili və bir vətəndaş olaraq da borcumdur deyən millət vəkili Qənirə Paşayeva tez-tez ön cəbhəyə gələrək onlarla maraqlandığı üçün, hər zaman onların müraciətlərinə həssaslıqla yanaşdığı və əlindən gələn dəstəyi göstərdiyi üçün təşəkkürlərini bildirən sakinlər bir sıra təklifləri təkrar dövlət qurumları ilə müzakirə etməyi ondan xahiş ediblər. Sakinlər ön cəbhə kəndlərinə bir sıra güzəştlərin edilməsinin önəmindən danışıblar və bununla bağlı millət vəkili Qənirə Paşayevaya Milli Məclisdə bir neçə dəfə Ermənistanla ön cəbhə kəndləri ilə bağlı xüsusi dövlət proqramının qəbul olunması, güzəştlər edilməsi ilə bağlı məsələ qaldırdığı üçün təşəkkür edərək onu daim diqqətdə saxlamasını istəyiblər. Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir neçə gün əvvəl MM-də hökumət üzvlərinin iştirakı ilə büdcə müzakirələr zamanı yenə də Ermənistanla ön cəbhə kəndlərinə bəzi güzəştlər edilməsini, 2016-cı il büdcəsində onların nəzərə alınmasını xahiş edib.
Millət vəkili Qənirə Paşayeva xüsusilə ön cəbhədə yerləşən kəndlərdən ali məktəblərə daxil olan gənclərin ödənişli təhsildən azad olunması, komunal xidmətlərdə müəyyən güzəştlərin olunması, ön cəbhə kəndlərinə sərmayə qoyuluşunun artırılması və sosial yardımların təyin edilməsində müəyyən dəstəyin göstərilməsi, yeni sığınacaqların tikilməsi, ən ön nöqtələrdə yaşayan ailələrin evlərini qorumaq üçün önlərinə tikilən istinad divarları işinin genişləndirilərək bütün ön nöqtələrdə yaşayan evləri əhatə etməsi ilə bağlı təkliflər irəli sürdüyünü diqqətə çatdırıb, bu istiqamətdə təkliflər və xahişlərlə çıxış etdiyini bildirib. Bu məsələlərin reallığa çevrilməsini sizin qədər mən də istəyirəm və bundan sonra da hər zaman bu istiqamətdə təkliflərinizi həm MM-də həm də hökumət üzvləri ilə görüşlərdə səsləndirəcəyəm deyən Qənirə Paşayeva bildirib ki, Tovuz rayonu istiqamətində ön cəbhədə son illər Ermənistanın atəşkəsi pozaraq hədəfə aldığı və yandırdığı bir neçə ev cənab Prezidentin tapşırığı ilə qısa zamanda daha da yüksək səviyyədə tikilərək ailələrin istifadəsinə verilib və o inanır ki, ön cəbhə kəndlərində yaşayan insanlarımızın bir sıra təklifləri də yaxın zamanlarda öz həllini tapacaq. Millət vəkili görüş zamanı ona müraciət edən xəstələrin yüksək səviyyəli müalicə almaları və əməliyyat olunmaları üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili Qənirə Paşayeva, həmçinin ön cəbhədə yaşayan fiziki imkanları məhdud insanlarla da görüşüb, onların qayğıları ilə maraqlanıb və bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər edib. Qənirə Paşayeva bir sıra şəhid ailələri və müharibə əlil və veteranları ilə də görüşərək onların qayğı və problemləri ilə maraqlanıb. Seçicilər millət vəkili ilə görüşdə ön cəbhə kəndlərində ünvanlı sosial yardıma ehtiyac olan insanların daha çox olduğunu bildirərək ona müraciət ediblər və o da bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovla geniş müzakirə apardığını, yaxın günlərdə bu məsələlərdə ön cəbhədə yaşayan insanlara dəstək göstərilməsi istiqamətində nazir tərəfindən komisiyya göndəriləcəyini deyib. Ön cəbhədə yaşayan sakinlər bu seçkilərdə də millət vəkili Qənirə Paşayevanı dəstəkləyəcəklərini bildiriblər. “Ön cəbhədəki həqiqətlərin, Qarabağ həqiqətlərinin dünyaya yayılmasında fəaliyyətinizlə bizim dəstəyimizi illər öncə qazanmısınız və bu dəstək davam edəcək və inanırıq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız, sizə uğurlar diləyirik” - deyiblər.
Şərhlər