Füzulidə 9 ayın yekunlarına həsr olunmuş iclas keçirildi - FOTOLAR
22.10.2015 17:37 Sosreaksiya 1823
Füzuli rayonunun 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclası keçirilib.
Reaksiya.az xəbər verir ki, iclasda cari ilin 9 ayı ərzində rayonda görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında (2014-2018-ci illər) nəzərdə tutulmuş tədbirlərin uğurla icra olunduğu, geniş tikinti-quruculuq və abadlıq işlərinin aparıldığı diqqətə çatdırılıb.
Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev hesabat məruzəsi ilə çıxış edib, 2015-ci ilin 9 ayının bütün respublikamızda olduğu kimi Füzuli rayonunda da uğurlu göstəricilərlə yada qaldığını vurğulayıb.
Alı Alıyev bildirib ki, hazırda Horadiz şəhəri ilə yanaşı rayonun kənd və qəsəbələrində tikinti-quruculuq işləri aparılır, Əhmədbəyli kəndində 340 şagird yerlik gimnaziya, Bala Bəhmənli kəndində Heydər Əliyev Fondunun vəsaiti hesabına uşaq bağçası istifadəyə verilib. Hazırda Horadiz şəhərində kənd təsərrüfatı idarəsi üçün, rayon Statistika İdarəsi və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin rayon şöbəsi üçün inzibati binaların tikintisi davam edir. Yaxın günlərdə rayon ərazisində yeni 400 ailəlik yeni qəsəbənin tikintisinə start veriləcək. 2015-ci ildə rayonun yaşayış məntəqələrinin qazlaşdırılması başa çatdırılacaq, Qayıdış qəsəbələrini birləşdirən avtomobil yolunun yenidən qurulması və əhalinin sosial-iqtisadi rifahının gücləndirilməsi istiqamətində tədbirlər davam etdiriləcək.
Alı Alıyev ölkə başçısının respublikada sahibkarlığın inkişaf etdirilməsi, onların fəaliyyətinə müdaxilələr edilməməsi, sahibkarlar üçün yerlərdə münbit şərait yaradılması barədə tapşırıqlarının Füzuli rayonunda daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Qeyd edib ki, sahibkarlara yaradılan şəraitin nəticəsidir ki, hazırda yüzlərlə şəxs rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olur, rayonun iqtisadiyyatının möhkəmlənməsində yaxından iştirak edirlər. Onlarla insan rayonda kənd təsərrüfatı, kiçik emal müəssisələri yaradaraq məhsul bolluğu yaradır, sahibkarlıq fəaliyyətlərini genişləndirirlər.
Alı Alıyev hesabat məruzəsində füzulili məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən, aqrar sektorda, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə əldə olunan nəaliyyətlərdən danışıb, əhalinin təbii qaz, elektrik enerjisi və su təminatının yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
Hesabat iclasında uğurlarla yanaşı problemlər də qeyd edilib, qarşıda duran vəzifələr müəyyənləşdirilib.
İclasda rayonun idarə, müəssisə və təşkilat rəhbərləri çıxış edərək gördükləri işlərə dair hesabat veriblər.
Şərhlər